Qovlar qəsəbəsi abadlaşır və inkişaf edir
Qovlar qəsəbəsi ərazisinin böyüklüyünə və əhalisinin sayına görə Tovuz rayonunda ən iri yaşayış məntəqələrindən biridir. Hər dəfə buraya yolu düşən şəxs yeniliklə rastlaşır. Müasirlik nəzərə alınmaqla tikililərin sayı artır, köhnə binalar milli memarlıq üslubunda yenidən qurulur, gözəl istirahət guşələri yaradılır. Qəsəbədən qonşu kəndlərə ayrılan yollar nizamlanır, gediş-gəliş üçün yararlı vəziyyətə salınır.
Tovuz Rayon İcra Hakimiyyəti başçısının Qovlar qəsəbə inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2011-ci ildə görülmüş işlərə dair hesabatında məruzə ilə çıxış edən qəsəbə nümayəndəsi Oruc Binnətov qeyd etmişdir ki, keçən il burada quruculuq işləri sürət və keyfiyyətlə aparılmışdır. Möhtərəm Prezidentimiz İlham Əliyevin ötən ilin əvvəlində Tovuzda olarkən rayon ictimaiyyəti ilə görüşündə rayonun gələcək inkişafı barədə öz tapşırıq və tövsiyələrini verməsi işimizin yaxşı qurulmasına rəvac vermişdir. O vaxtdan bəri qəsəbənin mərkəzindəki istirahət parkı yenidən qurulmuşdur. Azadlıq prospektində, Nizami və Şəhriyar küçələrində təmir-bərpa işləri görülmüşdür. Qəsəbənin Bakı yolunun istiqaməti girişində əzəmətli qapı tağları ucaldılmışdır.
Ərazidə yerləşən və sahibkarlıq fəaliyyəti göstərən ticarət və iaşə obyektlərinin görkəmi dəyişdirilərək müasir formaya salınmışdır. Yöndəmsiz köşklər götürülmüş, yerində yenisi tikilmişdir. 24 otaqdan ibarət 7 illik Uşaq Musiqi məktəbi tikilib qəsəbə sakinlərinin istifadəsinə verilmişdir. Hazırda 640 şagird yerlik yeni məktəb binasının tikintisi davam etdirilir.
Nümayəndəlik ərazisində 4022 təsərrüfat vardır. Qəsəbədə 13.813 nəfər əhali yaşayır. 5 tam orta məktəb, 1 Kollec, 1 xəstəxana, uşaq musiqi məktəbi, 2 məktəbəqədər uşaq müəssisəsi, 3 kitabxana, 1200 yerlik 1 elekron tipli ATS, 1 poçt, 1 Dairə Seçki Komissiyası,1 Qovlar Təmizlik MMC, xeyli sayda ticarət və ictimai obyektlər fəaliyyət göstərir.
Hesabat məruzəsində daha sonra göstərilmişdir ki, 2011-ci ildə inkişafı təmin edən amillər yaddaqalan olmuşdur. Belə ki, 12 fərdi yaşayış evi tikilmiş, 15 nəfər özünə şəxsi minik maşını almışdır. 20 ailəyə telefon xətti çəkilmişdir. Sakinlər fasiləsiz olaraq elektrik enerjisindən istifadə edirlər. Enerji haqları vaxtında ödənilir. Ümumiyyətlə, əhaliyə göstərilən kommunal xidmətlərə ciddi nəzarət olunmuş, narazılıqları yaradan səbəblər aradan qaldırılmışdır.
Nümayəndəlikdə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmışdır. Belə ki, onların qəbulu, ərizə və şikayətlərinə diqqət verilmiş, ortaya çıxan müəyyən problemlər aidiyyəti təşkilatların köməyi ilə aradan qaldırılmışdır. Hesabat yığıncağında iştirak edən xidmət təşkilatlarının nümayəndələri buna öz münasibətlərini bildirmiş və gələcəkdə əhalinin müraciətlərindən irəli gələn işlərə daha dərindən yanaşacaqlarını vəd etmişlər.
Qəsəbə sakinləri dədə-babadan əkinçilik və maldarlıqla məşğul olurlar. Pay torpaqlarına yiyələnən əkinçilər bazara bol məhsul çıxarmaq üçün əllərindən gələni əsirgəməmişlər. Mal-qara, davar və ev quşları saxlayan əhali də bol ət, süd, yun və yumurta istehsalına xüsusi fikir vermişdir.
Bir neçə il bundan qabaq rayon icra hakimiyyəti “Tovuz bizim evimizdir” devizi altında rayonun bütün yaşayış məntəqələrində antisanitariyaya qarşı mübarizə aparmaq ideyasını irəli sürmüşdür. Bunun üçün hər bir kənd və qəsəbədə “Təmizlik” idarəsi təşkil olunmuşdur. Neçə illərdir bu səmərəsini göstərir və əhalinin rəğbətini qazanır. Ətraf mühitin qorunub saxlanmasına, ekoloji təmizliyə xidmət edən bu çağırışa ilk cavab verənlərdən biri də Qovlar qəsəbəsidir. Bu gün də fəaliyyət göstərən “Qovlar Təmizlik MMC” idarəsi təsərrüfat hesablıdır. Əhali ilə və sahibkarlarla müqavilə əsasında iş görən bu müəssisə özünü keçən il daha yaxşı doğrutmuşdur.
Hesabat məruzəsi ətrafında çıxış edən qəsəbə sakini ağsaqqal Tapdıq Məmmədov, xəstəxananın baş həkimi Ələddin Əliyev, internat məktəbin direktor müavini Kifayət Əsgərova, qəsəbə tam orta məktəbin direktoru Rahilə Yusifova, rayon sahibkarlar şurasının sədri İsmayıl Hüseynov, qəsəbə bələdiyyəsinin sədri Binnət Hüseynov Qovlar qəsəbəsinin inkişaf etdirilməsində, onun abadlaşdırılmasında, səliqə-sahmana, təmizliyə fikir verilməsində əməyi olan insanlara minnətdarlıqlarını bildirmiş özlərinin gördüyü işlərdən də söhbət açmışlar.
Yığıncaqda Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov çıxış edərək vurğulamışdır ki, ikinci Dövlət Proqramı çərçivəsində regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə təchizatı, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçrilməlidir. Rayonumuzda artıq bu istiqamətdə xeyli işlər görülmüşdür. Elə Qovlar qəsəbəsində də quruculuq işəri ahəngdar davam etdirilir.
Lakin görülən işlərlə kifayətlənmək olmaz. Bizim görüləsi işlərimiz çoxdur.Qəsəbə camaatının, sahibkarların görüləcək işlərdə köməklərinə ehtiyac yaranmışdır. Qəsəbənin təmiz saxlanması, yeni iş yerlərinin yaradılması sahəsində əzimkarlıq göstərmək lazımdır. Elə çalışmaq lazımdır ki, yaşayışımız bu günkündən daha yaxşı olsun. Tovuzun bərəkətli torpaqları, işgüzar adamları vardır. Möhtərəm Prezidentimiz İlham Əliyev rayonumuzda olarkən bu fikirləri nəzərimizə çatdırmışdır. Ona görə də qarşıya qoyulan vəzifəyə nail olmaq əzmi ilə çalışmalıyıq.
İcra başçısı daha sonra rayonda görüləcək işlərdən konkret söhbət açmış və qəsəbə nüməyəndəliyinin qarşısında duran vəzifələri qeyd etmişdir.