Tovuzda şəhidlərin əziz xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub
Tovuz rayonunun Əsrik Cırdaxan kəndində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin açılışı olub. Açılış mərasimində Tovuz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, şəhidlərin döyüş yoldaşları, müharibə veteranları və kənd sakinləri iştirak ediblər.
Tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, sonra Dövlət himni səsləndirilmişdir.
Sonra tədbir iştirakçıları abidə kompleksini ziyarət edib önünə gül dəstələri düzüblər. Vətən uğrunda canlarını qurban vermiş qəhrəmanların xatirəsi ehtiramla anılıb.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov çıxış edərək abidə kompleksinin tikintisində əməyi olanlara minnətdarlıq etmişdir. O, şəhid ailələrinə səbr, qazilərimizə şəfa diləmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir.
Tədbirdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin Tovuz rayon filialının sədri Əli Əliyev, Tovuz RİH başçısının Əsrik Cırdaxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Telman Əmiraslanov, nümayəndənin müavini Sabir Quliyev, Əsrik Cırdaxan bələdiyyəsinin sədri Mübariz İbrahimov, Tovuz RİH başçısının Koxanəbi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sadiq Abulov, şəhid Murad Ələkbərovun atası Məzahir Ələkbərov və şəhid Qəzənfər İsmayılovun qardaşı Yolçu İsayev çıxış edərək şəhidlərimizə Allahdan rəhmət diləmiş, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Sonda məktəblilər şəhidlərimizin xatirəsinə həsr olunan şeirlər söyləmişlər.