Tovuzda şəhidlərin xatirəsinə inşa edilən abidə-bulaq kompleksinin açılışı olub
Tovuz rayonunun Qovlar şəhərində şəhidlərin xatirəsinə inşa edilmiş abidə-bulaq kompleksinin açılış mərasimi keçirilib.
Açılış mərasimində rayon icra hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri, Qovlar şəhər sakinləri iştirak ediblər.
İlk öncə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə rayon İcra Hakimiyyətinin başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Niftalı Qasımov çıxış edərək Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və Zəfərlə başa çatan Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən danışıb. Daha sonra Vətən Müharibəsi iştirakçısı Emin İsmayılov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin Tovuz rayon filialının sədri Əli Əliyev, şəhid anası Ətlaz Feyzullayev çıxış edərək Qarabağ müharibəsi dövründə ordumuzun və xalqımızın göstərdiyi şücaətdən, qəhrəmanlıqlarından bəhs ediblər.
Abidə-bulaq kompleksinin açılışında məktəblilər Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndiriblər.