Kəndlinin zəhməti hədər getmir
Hazırda kənd təsərrüfatı məhsullarının son yığım dövrüdür. Kəndlilər yetişdirdikləri məhsulun itkisiz və vaxtında yığımını başa çatdırmq üçün əllərindən gələni əsirgəmirlər. Havaların soyuq keçməsinə baxmayaraq, hər gün səhər tezdən sahələrə çıxan əkinçilər məhsul yığımı ilə yanaşı, gələn ilin bol məhsulu üçün də bünövrə qoyurlar.
Digər bölgələr kimi, Tovuzda da yığım mütəşəkkil gedir. Taxıl yığımından sonra tərəvəz və müxtəlif meyvələrin toplanması ilə məşğul olan kənd adamları çalışırlar ki, hər işi vaxtında görsünlər.
Tovuzda qeyri-neft sektorunun aparıcı sahəsi sayılan kənd təsərrüfatının inkişafına ciddi diqqət yetirilir. Onun nəticəsidir ki, cari ilin ötən dövrü ərzində kənd təsərrüfatı məhsullarının ümumi dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz artaraq 232476,7 manat təşkil etmişdir. Bu məbləğin 171275,4 min manatı bitkiçilik, 61101,3 min manatı heyvandarlıq məhsullarının payına düşür. Rayonda bitkiçilik sahəsində ən çox əkilən taxıl, kartof, tərəvəz və yem bitkiləridir. Bundan başqa, rayon ərazisində digər texniki bitkilərdən şəkər çuğunduru, tütün, günəbaxan, eləcə də meyvə, üzüm və s. məhsullar da yetişdirilir.
Bu il tovuzlular taxılçılıqda yüksək göstəricilər əldə etmişlər. 2021-ci ilin məhsulu üçün səpilmiş 14000 hektar sahənin 12428 hektarı buğda, 1564 hektarı arpa olmuşdur. Biçin aparılmış 11035 hektar buğda sahəsinin hər hektarından 37,1 sentner olmaqla 40937,2, 1564 hektar arpa sahəsinin hər hektrından 37,9 sentner olmaqla 5930 ton məhsul götürülmüşdür.
Cari il tovuzlular kartof istehsalında da fərqlənmişlər. Rayonda ötən dövr ərzində əvvəlki ilə nisbətən xeyli çox məhsul istehsal edilmişdir. Belə ki, 6238,6 hektardan 179100 ton kartof götürülmüşdür. Qeyd edək ki, əvvəlki illərdən fərqli olaraq builki əkinlərin 90 faizi kənd təsərrüfatı texnikasının köməyi ilə aparılmışdır. Kartofsəpən texnikanın təxminən 100 nəfərin bir həftəyə görə biləcəyi işi bir gündə yerinə yetirməsini nəzərə alsaq, bunun istehsal olunan məhsulun maya dəyərinə nə qədər xeyri dəydiyini təsəvvür etmək çətin deyil.
Rayonda üzümçülüyün inkişafına da böyük maraq göstərilir. Bunun üçün rayonlaşdırılmış üzüm sortlarından ibarət yeni plantasiyaların salınmasına diqqət yetirilir. Həyata keçirilən tədbirlər nəticəsində indi Tovuzda 808 hektar üzüm bağı var və onun 14,5 hektarı bu il salınıb. Üzüm bağlarının 668 hektarı süfrə, 140 hektarı texniki sortlardır. Hazırda bağlarda son salxımlar dərilir. İndiyədək plantasiyalardan 21000 tondan çox məhsul yığılmışdır. Yığılan məhsulun saxlanması və uyğun vaxtlarda satışını təşkil etmək üçün rayonda 8 soyuducu anbar fəaliyyət göstərir. Texniki sortlar isə sərfəli qiymətlərlə rayonda fəaliyyət göstərən emal müəssisələrinə təhvil verilir.
Tovuzda kənd təsərrüfatının digər sahələrində də göstəricilər yüksək olmuşdur. Məsələn, 139,1 hektar bağdan indiyədək 20850,8 ton meyvə, 49,5 hektardan 965 ton giləmeyvə toplanmışdır ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə çoxdur.
Digər sahələrdə də yüksək göstəricilər qazanılmışdır. 1087,3 hektar tərəvəz sahəsinin hər hektarından 208 sentner olmaqla 22620,7, 23 hektar bostan sahəsinin hər hektarından 191,3 sentner olmaqla 440 ton məhsul toplanmışdır.
Artıq 6-cı ildir ki, rayonda tütün əkilir. Əvvəlki illərdən fərqli olaraq bu ildən tütünçülüklə yalnız “Tovuz Aqro Sənaye” MMC məşğul olur. Tütünçülüyün inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə və tütün istehsalında iştirak edən əhalinin sosial rifahının daha da yaxşılaşdırılması məqsədilə dövlət başçısının imzaladığı müvafiq sərəncam tütünçülüklə məşğul olan insanlarda böyük stimul yaratmışdır. Bundan əlavə, tütünçülükdə əvvəlki illər mövcud olmuş çətinliklər də aradan qaldırılmışdır. Rayonda tütünqurutma məntəqəsi istifadəyə verilmişdir ki, bu da tütünçülüyün sürətli inkişafına yeni imkanlar açmışdır. Hazırda tütün yığımı davam edir. 100,5 hektar sahədən 86 tonadək məhsul yığılmışdır.
Bu il rayon gümçülərinin də göstəriciləri yüksək olmuşdur. Baramaçılığın inkişafına verilən dəstəkdən tovuzlular da maksimum istifadə etməyə çalışırlar. Cəmi 30-40 gün ərzində çəkdikləri əziyyətin bəhrəsini görən rayon gümçüləri hər il bu sahədən əldə etdikləri gəlirdən razıdırlar. İndi rayon sakinlərinin hansını dindirsən bu gəlirli sahəyə böyük marağı olduğunu söyləyər. Bunun nəticəsidir ki, cari il rayonda 62 nəfər gümçü ümumilikdə 200 qutu barama toxumu götürərək 8124,5 kiloqram məhsul təhvil vermişlər.
Tovuzda daha çox gəlir gətirən sahələrdən biri də istixanalardır. Bu gün rayonda istixanaların sahəsi 44,5 hektara çatmışdır. Sahibkarlar cari il də səmərəli işləyərək hər hektardan 744 sentner olmaqla ümumilikdə 3310 ton məhsul götürmüşlər.
Heyvandarlığa gəldikdə isə, son statistikaya görə, hazırda rayonda qaramalın sayı 46,6 min, davarın sayı 229,8 min başdan çoxdur. Quşçuluqda da vəziyyət qənaətbəxşdir. Belə ki, bu il quşların sayı 50 min baş artaraq 487,6 minə çatmışdır. Ət, süd və yumurta istehsalı nəzərdə tutulduğundan çox olmuşdur.
Sabir ƏLİYEV,
“Azərbaycan”