Tovuzda şəhid Ruslan Quliyevin doğum günündə xatirəsini əbədiləşdirən bulaq kompleksi istifadəyə verilib
Tovuz rayon İcra Hakimiyyəti başçısı aparatının və Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin Tovuz rayon filialının, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsinin və Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Tovuz rayon filialının məsul əməkdaşları, şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin yaxınları şəhid Quliyev Ruslan Şaxsəddin oğlunun doğum günündə məzarını ziyarət edib və xatirəsinə inşa edilən bulaq kompleksinin açılışında iştirak ediblər.
Tədbir iştirakçıları Dondar Quşçu kənd qəbristanlığında şəhidin məzarını ziyarət edib və məzarı önünə gül dəstələri qoyaraq ruhuna dualar oxuyublar.
Daha sonra yeni yaradılan bulaq kompleksi ilə tanışlıq olub. Mərasimdə rayon İcra Hakimiyyətinin başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Niftalı Qasımov çıxış edərək ötən il sentyabrın 27-də başlanan və Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən danışıb.
Qeyd edək ki, Ruslan Şaxsəddin oğlu Quliyev 1984-cü il noyabrın 20-də Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olub. 1991-2002-ci illərdə Tovuz rayonunun Dondar Quşçu kənd tam orta məktəbində təhsil alıb. Əmisi Sərkər Quliyev Birinci Qarabağ müharibəsinin şəhidi idi.
Ruslan Quliyev 2003-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2003-2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. 2015-ci ildən etibarən Azərbaycan Silahlı Qüvvələrinin Murovdağda yerləşən “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Ruslan Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ruslan Quliyev oktyabrın 12-də Murovdağ döyüşləri zamanı şəhid olub. Tovuz rayonunun Dondar Quşçu kəndində dəfn olunub
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə əsgər Quliyev Ruslan Şaxsəddin oğlu “Vətən uğrunda", “Cəsur döyüşçü”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.