Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda şəhid Eltac Mirzəyevin xatirəsini əbədiləşdirən bulaq kompleksi istifadəyə verilib

18 noyabr 2021 | 16:00

Tovuz rayonunun Məşədilər kəndində Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Mirzəyev Eltac Fizuli oğlunun xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı olub. Açılış mərasimində rayon icra hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri,  şəhidin yaxınları iştirak ediblər.

Mərasimdə rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Rəşad Zeynalov çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və Zəfərlə başa çatan Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən danışıb.

Xatirə bulağının açılışında məktəblilərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.

Eltac Fizuli oğlu Mirzəyev 2000-ci il avqustun 18-də Tovuz rayonunun Məşədilər kəndində anadan olub. 2006-2017-cı illərdə Ş.İ.Xətai adına Köhnəqala kənd tam orta məktəbində təhsil alıb.

Eltac Mirzəyev 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Eltac Mirzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Xocavənd döyüşləri zamanı şəhid olub. 18 noyabr 2020-ci il tarixdə Tovuz rayonunun Məşədilər kəndində dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə əsgər Mirzəyev Eltac Fizuli oğlu "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Keçidlər