Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda şəhid Elmar Şirinovun xatirəsini əbədiləşdirən bulaq kompleksi istifadəyə verilib

15 noyabr 2021 | 16:00

Tovuz şəhərində Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Şirinov Elmar Cəbrayıl oğlunun xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı olub.

Açılış mərasimində rayon icra hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri,  şəhidin yaxınları iştirak ediblər.

Mərasimdə rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Rəşad Zeynalov çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və Zəfərlə başa çatan Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən danışıb.

Xatirə bulağının açılışında məktəblilərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.

Elmar Cəbrayıl oğlu Şirinov 2002-ci il martın 9-da Tovuz rayonunun Xatınlı kəndində anadan olub. 2008-2016-cı illərdə N.Tusi adına Tovuz şəhər tam orta məktəbində, 2016-2017-ci illərdə M.Ələkbərov adına Tovuz şəhər tam orta məktəbində təhsil alıb. Tovuz Peşə Liseyini bitirmişdi.

Elmar Şirinov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elmar Şirinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Şuşa döyüşləri zamanı şəhid olub. 14 noyabr 2020-ci il tarixdə Tovuz rayonunun Qaraxanlı kəndində dəfn olunub.  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə əsgər Şirinov Elmar Cəbrayıl oğlu “Azərbaycan Bayrağı” ordeni və "Vətən uğrunda", "Cəsur döyüşçü", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Keçidlər