Şriftin ölçüsü :

Saytın rəngi :

12 noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü kimi qeyd olunur

12 noyabr 2021 | 16:00

Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib.

SSRİ-nin yaradılması ilə əlaqədar 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında Konstitusiyaya əlavə və dəyişikliklər qəbul olunub.

1927-ci il martın 26-da V Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-in növbəti Konstitusiyası təsdiq edilib.

1936-cı ildə SSRİ-nin yeni Konstitusiyasının qəbul edilməsi ilə əlaqədar 1937-ci il martın 14-də IX Ümumazərbaycan Sovetlər Qurultayının qərarı ilə Azərbaycan SSR-in yeni Konstitusiyası qüvvəyə minib.

1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edildikdən sonra Azərbaycan SSR-in yeni Konstitusiya layihəsi hazırlanıb. 1978-ci il aprelin 2-də həmin layihə ilə əlaqədar Azərbaycan SSR Ali Sovetində məruzə ilə çıxış edən ümummilli lider Heydər Əliyevin təklifi ilə 73-cü maddə aşağıdakı redaksiyada verilib: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. 1978-ci il aprelin 21-də Azərbaycan SSR-in sonuncu Konstitusiyası qəbul olunub. Burada Azərbaycan dilinin dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindən biridir.

Həmin Konstitusiyaya 1980-ci illərin ikinci yarısından etibarən çoxsaylı əlavə və dəyişikliklər edilib. Bunun nəticəsində ilkin redaksiyaya münasibətdə əhəmiyyətli dərəcədə dəyişikliyə uğrayan Konstitusiya 1995-ci ildən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilənədək qüvvədə olub.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya komissiyası tərəfindən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası layihəsi hazırlanıb, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində (referendumda) qəbul edilib və 1995-ci il noyabrın 27-də qüvvəyə minib.

Ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Konstitusiyasına 2002-ci il avqustun 24-də dəyişikliklər, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da isə əlavələr və dəyişikliklər edilib.

Əsas Qanunun mətni 5 bölmə, 12 fəsil və 158 maddədən ibarətdir.

12 noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü kimi qeyd olunur.

Konstitusiya “demokratik, hüquqi, dünyəvi, unitar respublika” prinsipinə əsaslanaraq, Azərbaycanda demokratik və müasir dövlət quruculuğunun, fundamental sosial-iqtisadi, siyasi-hüquqi islahatların həyata keçirilməsini təmin edir.

Keçidlər