İcra başçısı “Unutma, Yaşat” şüarı ilə təşkil olunan turnirin qalibləri ilə görüş keçirmişdir
Tovuz rayon İcra Hakimiyyəti başçısı Məmməd Məmmədov Heydər Əliyev Mərkəzində Gənclər və İdman İdarəsinin futbol komandasının üzvləri ilə görüşüb.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi tərəfindən Zəfər Günü münasibətilə həvəskarlar arasında, “Unutma, YAŞAT” şüarı ilə təşkil olunan və 64 komandanın iştirak etdiyi mini futbol turnirində Tovuz Gənclər və İdman İdarəsinin komandası birinci yeri tutaraq turnirin baş mükafatına layiq görülüblər.
Tədbiri giriş sözü ilə rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov açaraq keçirilən turnir haqqında məlumat vermiş, rayonumuzun qədim futbol ənənələrindən danışmışdır.
Daha sonra çıxış edən Məmməd Məmmədov Azərbaycan Respublikası Prezidentinin idmana, o cümlədən futbola olan diqqət və qayğısından bəhs etmiş, futbolçuları turnirdə qazanılan qələbə münasibətilə təbrik edərək Tovuzun qədim futbol ənənələrinin davam etdirilməsindən şad olduğunu vurğulamışdır.
İcra başçısı idmançılara Tovuz Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanlarını və qiymətli hədiyyələrini təqdim etmişdir.
Sonda xatirə şəkli çəkilmişdir.