Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Vətən Müharibəsi Qəhrəmanı Orxan Cabbarovun ildönümündə məzarı ziyarət olundu

11 noyabr 2021 | 16:00

Tovuz rayon İcra Hakimiyyəti başçısı aparatının, rayon Gənclər və İdman İdarəsinin, Rayon Təhsil şöbəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri şəhidin ailə üzvləri ilə birlikdə Tovuz şəhərində Vətən Müharibəsi Qəhrəmanı Cabbarov Orxan Rövşən oğlunun ildönümü ilə bağlı məzarını ziyarət etmişlər.

Vətən Müharibəsi Qəhrəmanı Orxan Cabbarovun əziz xatirəsi ehtiramla yad olunmuş, ruhuna dualar oxunmuş və məzarına gül dəstələri qoyulmuşdur. Məktəblilər şəhidimizin məzarı başında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndiriblər.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kiçik giziri olan Orxan Cabbarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Orxan Cabbarov noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub.

Orxan Cabbarov Azərbaycan Respublikası Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüşdür. Həmçinin Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Keçidlər