Tovuz rayonunda 2016-cı ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirilib.
8 fevral 2017-ci il tarixdə Aşıq Ə. Cəfərov adına Tovuz rayon Mədəniyyət evində Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab T.M.Zeynalovun sədrliyi ilə “Tovuz rayonunda 2016-cı ildə sosial-iqtisadi inkişafın yekunları və 2017-ci ildə qarşıda duran vəzifələr barədə” hesabat yığıncağı keçirilib.
İcra hakimiyyətinin başçısı Tofiq Zeynalovun məruzəsində bildirilib ki, hesabat dövründə rayonda məhsul buraxılışının və xidmətlərin həcmi 323 milyon 203 min manat təşkil edib. Kənd təsərrüfatında məhsul istehsalı 183 milyon 524 min manat, sənayedə 8 milyon 84 min manat, ticarət və xidmət sahələrində 107 milyon 395 min manat, nəqliyyatda 7 milyon 159 min manat, rabitədə 1 milyon 152 min manat olub.
Qeyd olunub ki, ötən ildən başlayaraq rayonda baramaçılığın inkişaf etdirilməsi istiqamətində işlər aparılır. Keçən mövsüm 1560 kiloqram yüksək keyfiyyətli barama istehsal olunub. Barama istehsalının artırılması üçün lazımi yem bazasının yaradılması istiqamətində tədbirlər görülür. 2016-cı ildə baramaçılığın yem bazasının möhkəmləndirilməsi üçün xaricdən gətirilmiş 10 min ədəd çəkil tingi əkilib, eyni zamanda, 30 minə yaxın yerli tut tingi yetişdirilir. Cari ildə 10 tona yaxın barama istehsal etmək planlaşdırılıb.
Rayonda tütünçülüyün inkişafı ilə bağlı da tədbirlər görülür. Kənd təsərrüfatının gəlirli sahələrindən biri kimi rayonda emal üçün şəkər çuğundurunun istehsalına başlanılıb. Ötən il 110 hektar sahədə ilk dəfə olaraq şəkər çuğunduru əkilib, 1080 ton məhsul istehsal olunub və İmişli şəkər zavoduna satılıb. Cari ildə şəkər çuğundurunun əkin sahəsinin 2000 hektara çatdırılması və məhsuldarlığın artırılması nəzərdə tutulub.
Diqqətə çatdırılıb ki, ötən il 12 min hektar otlaq sahəsi təyinatı dəyişdirilərək əkin dövriyyəsinə cəlb olunub. Tovuzçay su anbarının tikintisi başa çatıb və Ağdağ ərazisini fasiləsiz suvarma suyu ilə təmin etmək məqsədilə Tovuzçay su anbarı üzərində nasos stansiyasında quraşdırma işləri davam etdirilir. Tovuzçay su anbarının 2016-cı ildə istifadəyə verilməsi 20 min hektar ərazinin suvarma suyuna olan tələbatını yaxşılaşdırıb və 300 hektar yeni sahələrdə suvarılma aparılmasına imkan yaradıb.
Bütövlükdə görülən işlər nəticəsində ötən il rayonun kənd təsərrüfatında ümumi məhsul istehsalı 7,4 faiz artıb.
Rayonda tikinti-quruculuq işləri də uğurla davam etdirilib. Hazırda Nizami Mədəniyyət Evinin və Aşıq Hüseyn Bozalqanlı adına Aşıq Sənəti Dövlət Muzeyinin tikintisi aparılır. Ağbulaq kənd tam orta məktəbinin, Qovlar şəhər internat məktəbinin, ”Xalça istehsalı müəssisəsi”nin tikintisinə başlanıb.
Hesabat yığıncağında Prezident Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Qənirə Paşayeva və Ülviyyə Ağayeva çıxış edərək, qarşıda duran vəzifələrlə bağlı tövsiyələrini bildiriblər.
Sonda Prezident İlham Əliyevə müraciət qəbul edilib.