Tovuzda Vətən Müharibəsi şəhidlərinin ailələrinin iştirakı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilmişdir
Tovuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Ayan Palace” otelində Vətən Müharibəsi şəhidlərinin ailələrinin iştirakı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra möhtəşəm Zəfərə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov çıxış edərək bildirmişdir ki, bu gün Azərbaycan Xalqı möhtəşəm Zəfər Gününü qeyd edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə 8 noyabr tarixini Azərbaycan Respublikasında Zəfər Günü olaraq təsis etmişdir.
Xalqımızın qalibiyyət rəmzi olan Şuşa şəhərinin noyabrın 8-də 28 ildən sonra əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynadı. Düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb oldu. Noyabrın 10-da döyüş əməliyyatları dayandırıldı və atəşkəslə əlaqədar üçtərəfli Bəyanat imzalandı. Bu Bəyanat eyni zamanda Azərbaycanın şanlı qələbəsinin elan olunması demək idi. Müzəffər Ali Baş Komandanımız İlham Əliyev döyüş meydanındakı qətiyyətini, gücünü, qüdrətini danışıqlar masasında da davam etdirdi, düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdi. Kəlbəcər, Ağdam, Laçın əraziləri Ali Baş Komandanımızın sayəsində bir güllə belə atılmadan Azərbaycana qaytarıldı. Güclü Xalq-Ordu birliyi və Ali Baş Komandanın məharətli sərkərdəliyi ilə həyata keçirilən “Dəmir Yumruq” əməliyyatı nəticəsində torpaqlarımız işğaldan azad olundu. Tarixi Zəfərimizdə qardaş Türkiyənin və Pakistanın mənəvi-siyasi dəstəyi də xüsusi qeyd olunmalıdır. Bu Zəfər günündə torpaqlarımızın azad olunması üçün hər birimizin Qəhrəman şəhidlərimizə əbədi bir borcumuzun olduğunu xüsusi vurğulayıram.
Müharibə dövrü Ali Baş Komandan döyüş cəbhəsi ilə yanaşı informasiya cəbhəsinə də komandanlığı öz üzərinə götürmüşdü. O, müxtəlif dillərdə erməni yalanlarını və Azərbaycan həqiqətlərini təkzibolunmaz dəlillərlə dünyaya çatdırırdı.
Qürurverici haldır ki, Tovuzumuzun yüzlərlə oğulları da Azərbaycanın haqq savaşında igidlik göstərərək Orden və medallarla təltif olundular. Bunlardan iki nəfəri Cabbarov Orxan Rövşən oğlu (ölümündən sonra), Əhmədov Yaşar Mirağa oğlu ən yüksək fəxri ada – Vətən Müharibəsi Qəhrəmanı adına layiq görüldülər.
Əsrlərdən sonra qazandığımız tarixi Zəfərimiz tariximizə qızıl hərflərlə yazılacaq. Azərbaycan cəmiyyəti, Azərbaycan Xalqı üçün yeni həyat, yeni tarix başlayır. Qarabağa “Böyük Qayıdış” və bölgənin gələcəyi üçün inamlı addımlar atılır. Zəfərimiz dalınca Zəfərlər gəlir.
Bu tarixi qələbə münasibətilə, eyni zamanda ərəfəsində olduğumuz milli müstəqilliyimizin simvolu, “Dövlət Bayrağı Günü” münasibətilə hər birinizi, bütün insanlarımızı rayon İcra Hakimiyyəti adından və şəxsən öz adımdan ürəkdən təbrik edir, hamınıza müstəqil və qüdrətli Azərbaycanımızın daha xoşbəxt gələcəyi naminə uğurlar arzulayıram.
Sonra Yeni Azərbaycan Partiyasının Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov, Vətən Müharibəsi Qəhrəmanı şəhid Cabbarov Orxan Rövşən oğlunun anası Yeganə Rüstəmova, şəhid Hüseynov Cavid Natiq oğlunun atası Natiq Hüseynov, şəhid Şirinov Elmar Cəbrayıl oğlunun anası Amana Nəsirova, şəhid Quliyev Ruslan Şaxsəddin oğlunun anası Səxavət Əliyeva, Şəhid Əhmədov Elmar Elşən oğlunun anası Xoşqədəm Əhmədova, şəhid Hüseynov Cavid Hümbət oğlunun anası Sərəngül Hüseynova, Şəhid Anar Hüseynovun yadigarı Nurlan Hüseynov çıxış etmişlər. Şəhid ailələri göstərilən diqqət və qayğıya görə cənab Prezidentə sonsuz minnətdarlıqlarını bildirmişlər.
Daha sonra Məmməd Məmmədov Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə təltif olunmuş Vətən müharibəsi Şəhidlərinin medallarını onların ailə üzvlərinə təqdim etmişdir.
Tədbir Respublikanın və rayonun incəsənət ustalarının geniş konsert proqramı ilə davam etmişdir.