Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Zəfər Günü şəhidin xatirəsini əbədiləşdirən bulaq kompleksi istifadəyə verilib

08 noyabr 2021 | 16:00

Tovuz rayonunun Dönük Qırıqlı kəndində 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Sultanov Nurlan Yaşar oğlunun xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı olub.

Açılış mərasimində Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, şəhid ailələri, qazilər, şəhidin hərbiçi yoldaşları, ictimaiyyət nümayəndələri,  şəhidin yaxınları iştirak ediblər.

Mərasimdə çıxış edənlər Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və Zəfərlə başa çatan Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən və şəhid Nurlan Sultanovun şərəfli həyat yolundan bəhs ediblər.

Xatirə bulağının açılışında məktəblilər Zəfər Gününə, Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndiriblər.

Nurlan Yaşar oğlu Sultanov 1999-cu il mayın 31-də Tovuz rayonunun Dönük Qırıqlı kəndində anadan olub. 2015-ci ildə Dilman Süleymanov adına Dönük Qırıqlı kənd tam orta məktəbin 9-cu sinifini bitirib. Həmin ilin sentyabr ayında Tovuz Dövlət Sosial-İqtisad Kollecinə qəbul olub. 2019-cu ildə kollec təhsilini başa vurub və həmin ilin oktyabr ayında həqiqi hərbi xidmətə gedib.

Azərbaycan Ordusunun əsgəri olan Nurlan Sultanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Nurlan Sultanov noyabrın 4-də Füzuli döyüşləri zamanı şəhid olub.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə əsgər Sultanov Nurlan Yaşar oğlu "Vətən uğrunda", “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Keçidlər