Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda şəhidlərin xatirəsini əbədiləşdirən bulaq kompleksi istifadəyə verilib

05 noyabr 2021 | 16:00

Tovuz rayonunun Aşağı Mülkülü kəndində Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Eminalıyev Orxan Eyvaz oğlu və Alıyev Qələndər Nofəl oğlunun xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı olub.

Açılış mərasimində rayon icra hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri,  şəhidin yaxınları iştirak ediblər.

Mərasimdə rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Rəşad Zeynalov çıxış edərək Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və Zəfərlə başa çatan Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən danışıb. O, qeyd edib ki, şərəfli döyüş yolu keçən Orxan və Qələndərin və onlar kimi oğullarımızın xatirəsi heç bir zaman unudulmayacaq.

Xatirə bulağının açılışında məktəblilərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.

Orxan Eyvaz oğlu Emnalıyev 05 noyabr 1994-cü ildə Tovuz rayonunun Aşağı Mülkülü kəndində anadan olub. 2001–2012-ci illərdə Aşağı Mülkülü kənd tam orta məktəbində, 2013–2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2017-ci ildə "leytenant" hərbi rütbəsi altında Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başlayıb. 2019-cu ildən xidmətini "baş leytenant" hərbi rütbəsi altında davam etdirirdi.

Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Orxan Emnalıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə tankçı kimi döyüşüb. Orxan Emnalıyevin idarə etdiyi tank oktyabrın 26-da Qubadlı döyüşləri zamanı vurulub və o, şəhid olub. Tovuz rayonunun Aşağı Mülkülü kəndində dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə "Vətən uğrunda" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Alıyev Qələndər Nofəl oğlu 31 oktyabr, 2001-ci ildə Bakı şəhərinin Sabunçu rayonunda dünyaya gəlib.

Qələndər Alıyev 2020-ci il, yanvarın 8-də hərbi xidmətə çağırılıb. O, Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qoşulub,Talış-Suqovuşan bölgəsində döyüşüb. 2020-ci il oktyabr ayının 10-da, elə Talış-Suqovuşan istiqamətində gedən qızğın döyüşlərdə şəhid olub.

Şəhid Alıyev Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Keçidlər