Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzlu “Vətən Müharibəsi Qəhrəmanı” Orxan Cabbarovun adı əbədiləşdirilmişdir

04 noyabr 2021 | 16:00

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 04 noyabr 2021-ci il tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının adlarının əbədiləşdirilməsi barədə” Qərarına əsasən Tovuz rayonu Qovlar şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyaya Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Orxan Rövşən oğlu Cabbarovun adı verilmişdir.

Orxan Rövşən oğlu Cabbarov 20 noyabr 1995-ci ildə Tovuz şəhərində anadan olub. 2013-2015-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2015-ci ildən isə Xüsusi Təyinatlı Qüvvələrin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq xidmət edirdi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində Talış istiqamətində döyüşüb.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kiçik giziri olan Orxan Cabbarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Orxan Cabbarov noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. Tovuz şəhərində dəfn olunub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayış etdirdiyinə görə Orxan Cabbarov Azərbaycan Respublikası Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüşdür.  

Keçidlər