Tovuzda “Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusunda tədbir keçirilmişdir
Tovuz rayonunun Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusunda tədbir təşkil olunmuşdur.
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir açıq elan olumuşdur. İlk öncə tədbir iştirakçılarına “Zəfər Meydanı” adlı, Vətən Müharibəsinə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.
Tədbirdə giriş sözü ilə çıxış edən Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova tədbir iştirakçılarını qarşıdan gələn 8 Noyabr Zəfər Günü münasibətilə təbrik etmişdir. 44 günlük Vətən Müharibəsi zamanı Müzəffər Ali Baş Komandanın rəhbərliyi, Rəşadətli Azərbaycan Ordusunun şücaəti ilə qazanılan Böyük Qələbədən bəhs edən T. Bayramova, müharibənin gedişində və sonrasında nümayiş etdirilən milli birliyin və dini həmrəyliyin qələbədə əsas amillərdən biri olduğunu vurğulamışdır.
Daha sonra çıxış edənlər – Rayon Təhsil şöbəsinin müdiri Elmira Mürşüdlü, Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova, Rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov və DQİDK-nin Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev Vətən Müharibəsi zamanı düşmən üzərində qazanılan möhtəşəm qələbədən söz açmış, qələbədə Qalib Azərbaycan Xalqının milli və dini birlik nümunəsi göstərdiklərini ifadə etmiş, Azərbaycanın multikulturalist ölkə olduğunu və ölkəmizdə dini tolerantlığın yüksək səviyyəsini qeyd etmişlər.