TOVUZUN QIŞ QAYĞILARI
Tovuz rayonu dağlıq, dağətəyi və aran relyefə malikdir. Qış aylarında əhalinin bəzi problemlərlə üzləşməməsi üçün lazımi tədbirlərin görülməsi daim diqqətdə saxlanılır. Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun tapşırığı ilə rayonda bütün idarə və müəssisələrdə qış fəslinə hazırlıq işləri davam etdirilir.
Məlumdur ki, qış fəslində təbii qaza və elektrik enerjisinə tələbat daha da çoxalır. Abonentlərin fasiləsiz işıqla təmin olunması üçün bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir. Görülən işlər onu deməyə əsas verir ki, əhali elektrik enerjisi ilə bağlı heç bir problem yaşamayacaqdır.
"Asan Xidmət" mərkəzlərinə vətəndaşların onlara məxsus tikinti obyektlərinin elektrik enerjisiylə təchiz edilməsi ilə bağlı etdikləri müraciətlərin yerinə yetirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.07.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası"nın 1.2.6 bəndinin tələbinə uyğun olaraq 2021-ci ilin III rübündə Tovuz EŞ-nin xidməti ərazisində yerləşən KTM-dən qidalanan 0,4 kV-luq şəbəkənin qurulması üçün 63 ədəd yeni dayaq quraşdırılmış, 1396 m məsafəyə yeni 4x35 SİP kabellə, 115 m məsafəyə 4x25 SİP kabellə, 170 m məsafəyə 4x16 SİP kabellə, 399 m məsafəyə 2x25 SİP kabellə xətt çəkilərək istifadəyə verilmişdir.
Zədələnmiş 34 ədəd güc transformatoru təmir olunmuş 14 ədəd 10/0,4 kV-luq KTM yenidən qurulmuşdur. 17 ədəd KTM-in ətrafında çəpərlənmə işləri yerinə yetirilmişdir.
110/10 kV-luq Qovlar y/st-da 10 kV-luq İ.Hacılı HEVX-nin yağ açarı yeni vakkum açarla, xətt ayrıcısı və şin ayırıcısı yeni ayrıcılarla əvəzlənmiş, M.B.Qasımov HEVX-yə 1 ədəd KRN quraşdırılmış, Tovuz y/st-da 35 kV-luq Yuxarı Öysüzlü HEVX-nin yağ açarı yeni yağ açarı ilə əvəz olunmuş, Böyük Qışlaq yarımstansiyasında 1,6 mVA transformator əsaslı təmir olunaraq istifadəyə verilmişdir.
Bundan əlavə, Tovuz rayonunun Əyyublu kəndində 10/0,4 kV-luq şəbəkənin yenidən qurulmasına başlanmışdır. Əyyublu kəndi 110/10 kV-luq Düyərli-dartı yarımstansiyasından çıxan 10 kV-luq I Əyyublu, II Əyyublu və Farfor HEVX-dən qidalanır. 2829 əhali, 276 qeyri-əhali abonenti olmaqla, ümumilikdə 3105 abonentə xidmət göstərilir.
Rayonda əhalinin fasiləsiz mavi yanacaqla təmin olunması istiqamətində də lazımi işlər həyata keçirilmişdir.
52 yaşayış məntəqəsində 150 (142 əhali abonentinə, 8 qeyri-əhali abonentinə) abonentə təbii qaz verilmiş və hazırda Tovuz XS-nin xidmət ərazilərində sayğaclaşdırılmış təbii qaz alan abonentlərin sayı 34654 (34094 əhali abonenti, 560 qeyri-əhali abonenti) təşkil edir.
Əhali abonentlərinin qaz təminatının yaxşılaşdırılması məqsədilə Tovuz şəhəri, Əzizbəyov küçəsində 57 mm 130,1 p/m, M.Musayev küçəsində 76 mm 247 p/m, M.Musayev küçəsində 76 mm 199.85 p/m uzunluğunda qaz, Tovuz rayon Aşağı Öysüzlü kəndində 76 mm 414.46 p/m və 76 mm 309.7 p/m uzunluğunda yeni qaz xətti çəkilmişdir.
Tovuz rayon Yuxarı Öysüzlü kəndində yaşayan Qarabağ qazisi Həsənov Vəli İlham oğluna məxsus evin girişinə maneçilik törədən 159 mm 32.02 p/m, 108 mm 30.72 p/m olmaqla, F.Ələkbərov küçəsində yaşayan Qarabağ qazisi Nəsirov Azad Fərhad oğluna məxsus evin girişinə maneçilik törədən 57 mm 10 p/m olmaqla, Qaraxanlı kəndində yaşayan Şəhid anası Rəfiqə Vəlixanovaya məxsus evin girişinə maneçilik törədən 108 mm 4 p/m, olmaqla qaz xəttinin yeri dəyişdirilmişdir.
Rayonun Qazqulu kəndində yaşayan şəhid ailəsinin üzvü Məmmədova Aytəkin Fəxrəddin qızına məxsus evin girişinə maneçilik törədən 108 mm 4 p/m qaz xəttinin də yeri dəyişdirilmiş, Bozalqanlı kəndində d57 mm-lik 366 p/m uzunluğunda qaz xətti çəkilmişdir.
Tovuzda fəaliyyət göstərən 26 nömrəli Yol İstismarı MMC də payız-qış mövsümü ilə əlaqədar tədbirlər planına uyğun olaraq qışa hazırlıq işləri görüb. Yollardan axan suların kənarlaşdırılması üçün 230 kubmetr küvetlər qazılmışdır.
Rayonda təhsil müəssisələrində də qışa ciddi hazırlıq işləri aparılmışdır.
Köhnəqala kənd Ş.İ.Xətai adına 480 şagird yerlik tam orta və Aşağı Quşçu kənd İ.Mürşüdov adına 1176 şagird yerlik tam orta Dondar Quşçu 627 şagird yerlik kənd tam orta məktəblərinin binaları əsaslı təmir edilmiş, müəllim və şagirdlər 2020-2021-ci tədris ilinə yeni, müasir standartlara uyğun təmir edilmiş binalarda başlamışlar.
Yuxarı Öysüzlü kənd M.Əliyev adına 410 şagird yerlik, tam orta Tovuz şəhər A.S.Puşkin adına 1600 şagird yerlik tam orta, Xatınlı kənd F.Qasımov adına 360 şagird yerlik tam orta, Əlimərdanlı kənd M.Musayev adına 840 şagird yerlik tam orta, Mülkülü kənd H.Ələkbərov adına 480 şagird yerlik tam orta məktəblərinin dam örtükləri dəyişdirilmişdir. Eyni zamanda M.Əliyev adına Yuxarı Öysüzlü kənd tam orta məktəbinin 14 sinif otağı əsaslı təmir edilmişdir.
Rayonun ümumtəhsil məktəblərində qış mövsümünə müvafiq hazırlıq işləri görülmüşdür. Yanacaq növündən asılı olaraq 6 saylı ƏMHM-lə qarşılıqlı görülmüş işlər nəticəsində lazımi tədbirlər həyata keçirilmişdir. 11 məktəbin dizel, 9 məktəbin elektrik enerjisi, 40 məktəbin odun, 25 məktəbin isə təbii qaz yanacağı ilə isidilməsi nəzərə alınaraq müvafiq hazırlıq işləri görülüb.
Bir sözlə, Tovuz rayonu qışa hazırdır.
Vəli VƏLİYEV,
"Respublika".