Tovuzun təhsil müəssisələrində Vətən Müharibəsi iştirakçıları ilə görüşlər təşkil olunub
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə təsis edilmiş Azərbaycan Respublikasında Zəfər Günü ərəfəsində Tovuzun təhsil müəssisələrində Vətən Müharibəsi iştirakçıları və qazilərlə məktəblilərin görüşü təşkil olunub.
Bu gün həmin görüşlərdən biri Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbin akt zalında təşkil olunub. Tovuzlu Vətən Müharibəsi iştirakçıları "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif olunmuş Fərmanzadə Azər Aydın oğlu, "Vətən uğrunda" medalı ilə təltif olunmuş Əliyev Zaur Elçin oğlu, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuş İbrahimov Elşən Məhəmməd oğlu, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif olunmuş Həsənov Pərvin İkram oğlu, Abdullayev Namiq Məhəmməd oğlunun iştirakı ilə təşkil olunan görüşü məktəbin direktoru Nüsrət Quliyev şəhidlərimizin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan etmişdir.
N. Quliyev çıxış edərək qazilərimizi məktəblilərə təqdim etmiş və 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusunun parlaq Qələbəsindən danışmışdır.
Sonra qazilərimiz çıxış edərək keçdikləri şanlı döyüş yolu ilə bağlı məktəblilərə məlumat vermişlər. Onlar eyni zamanda Şanlı Ordumuzun şücaətindən söz açmış, müharibədən sonra ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Vətən Müharibəsi iştirakçılarına və qazilərə göstərdikləri diqqət və qayğıya görə təşəkkürlərini ifadə etmişlər.
Daha sonra məktəbin fiziki tərbiyə müəllimi Fikrət Məmmədov çıxış edərək Şanlı Zəfərin qazanılması uğrunda canlarından keçən Vətən övladlarının xatirəsinin xalqımız tərəfindən ən yüksək hörmət və ehtiramla anıldığını, Vətən müharibəsində parlaq Qələbə qazanmaqla qəhrəmanlıq salnaməsinin ən unudulmaz tarixinin yazıldığını qeyd etmişdir.
Sonda Vətən Müharibəsinə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.
Tovuzun təhsil müəssisələrində Vətən Müharibəsi iştirakçıları ilə görüşlər Zəfər Gününə kimi davam edəcəkdir.