Tovuzda payızlıq taxıl səpininə başlanıb
Dövlət tərəfindən taxılçılıqla məşğul olan mülkiyyətçilərə subsidiyaların verilməsi bu sahəyə olan marağı daha da artırır.
Tovuzda cari ildə 12607 hektar taxıl sahəsindən ümumilikdə 46883,2 ton məhsul götürən fermerlər bu göstəricini növbəti təsərrüfat ilində daha da artırmaq üçün səpin kampaniyasına ciddi hazırlaşıblar. Bu məqsədlə bu günə kimi 8 min hektar sahədə keyfiyyətli şum aparılıb, fermerlər yüksək reproduksiyalı, xəstəlik və zərərvericilərə qarşı dərmanlanmış toxum sortları və səpin aqreqatları ilə təmin olunublar. Səpinə mütəşəkkil başlayan əkinçilər qısa müddətdə 2606 hektar sahədə səpin aparıblar ki, bunun da 1364 hektarı arpa, 1242 hektarı isə buğda sahəsidir. Əkinçilər hər gün 200-250 hektar sahəyə toxum səpirlər.
Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov taxıl səpinin gedişi vəziyyəti ilə tanış olmaq üçün sahələrdə fermerlərlə görüşmüşdür. Fermerlərlə söhbət zamanı qarşıya çıxan problemlərin həlli istiqamətində aidiyyatı qurumlara lazımi tapşırıqlar vermişdir.