İcra başçısı “N” saylı hərbi hissənin yaranmasının 26-cı ildönümü münasibətilə keçirilən tədbirdə iştirak edib
Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissənin yaranmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, hərbi komandirlər, rayonun digər rəhbər işçiləri, bir qrup veteranlar və hərbi hissənin şəxsi heyəti iştirak etmişdir.
Tədbir şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra açıq elan olunmuşdur. Hərbi hissənin şəxsi heyətini hərbi hissənin yaranmasının 26-cı ildönümü münasibətilə təbrik edən rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov qeyd etmişdir ki, hərbi hissənin yaradılmasının ildönümü Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə təsis edilmiş Azərbaycan Respublikasında Zəfər Günü ərəfəsinə təsadüf edir. Tovuzdan başlayan 44 günlük Vətən Müharibəsində əldə olunan tarixi Qələbə bizim milli qürur mənbəyimiz, çox şərəfli tariximizdir. Bu Zəfəri xalqımıza yaşadan Müzəffər Ali Baş Komandan və Rəşadətli Azərbaycan Ordusu, şəhidlərimiz və siz hərbiçilərimizsiniz.
İcra başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərli ilə ordu quruculuğu sahəsində aparılan uğurlu siyasətdən, Ordumuzun yüksək döyüş hazırlığından bəhs edərək 2020-ci ildə qazanılan Şanlı Zəfər münasibətilə hərbi hissənin şəxsi heyətini ürəkdən təbrik etmiş, onlara möhkəm cansağlığı, ailə xoşbəxtliyi və çox şərəfli xidmətlərində uğurlar arzulamışdır.
Daha sonra Məmməd Məmmədov Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə təltif olunmuş, Vətən Müharibəsi zamanı döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçulara medallar, rayon icra hakimiyyətinin Fəxri Fərmanlarını və qiymətli hədiyyələrini təqdim etmişdir. Xidmətlərində fərqlənən hərbi qulluqçulara hərbi hissənin Fəxri Fərmanları verilmişdir.