İcra başçısı üzümçü fermerlərlə görüşüb
İqtisadiyyatının əsasını aqrar sahə təşkil edən Tovuz rayonunda zəngin üzümçülük ənənələri sayəsində üzümçülük daim inkişaf etdirilir, rayonlaşdırılmış üzüm sortlarından yeni üsullarla üzüm plantasiyaları salınmasına başlıca diqqət yetirilir. Üzüm digər kənd təsərrüfatı məhsulları arasında yeni yaradılan iş yerlərinin sayına və xalis gəlirliyinə görə ən yüksək göstəriciyə malik olan texniki bitkilərdən biridir.
Hazırda Tovuzda 808 hektar üzüm bağı var və onun 14,5 hektarı bu il salınıb. Üzüm bağlarının 668 hektarı süfrə, 140 hektarı texniki üzüm sortlarıdır. Hazırda üzüm yığımı davam etdirilir. Artıq plantasiyalardan 21000 tondan çox məhsul yığılmışdır.
İstehsal edilən məhsulun saxlanılması və uyğun vaxtlarda realizasiya olunması məqsədilə son üç ildə rayonda 8 soyuducu anbar quraşdırılmışdır. Fermerlər məhsulun bir hissəsini hər fəsildə istehlakçılara çatdırılması üçün soyuducularda saxlayır, qalan hissəsi daxili bazarlara çıxarırlar. Texniki sortlardan əldə olunan məhsul isə sərfəli qiymətlərlə 2019-cu ildən rayonda fəaliyyətə başlayan üzüm emalı müəssisəsinə təhvil verilir.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov rayonun Aşağı Quşçu kəndində üzüm bağlarında və soyuducu anbarda olmuş fermerlərlə aqrar sahədə aparılan islahatlar, kənd təsərrüfatına dövlət dəstəyi, intensiv bağçılığın inkişafı üçün görülən tədbirlər ətrafında fikir mübadiləsi aparmışdır.
Üzümçü fermerlər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirərək, dövlətimizin bu sahəyə qayğısından bəhrələnərək Tovuz rayonu üçün ənənəvi olan üzüm sahələrinin daha da genişləndirilməsi əzmində olduqlarını bildirmişlər.