Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz: Şəhid evlərinin işığı gur yanır

16 oktyabr 2021 | 06:35

Düz Qırıqlı kənd icra nümayəndəsi Elçin Xasıyevin “bi­zim kənddə camaat yığışıb şəhid ailəsinə ev tikib” kəlməsini eşidən kimi həmin ünvana yollanıram. Hasara alınmış böyük bir evin dar­vazasını şəhidin atası özü açır və bizi içəri dəvət edir. Geniş həyəti, bir neçə otağı, sanitar qovşağı içərisində olan evin hər bir şəraiti var.

– Bu üç bacının yeganə qar­daşları idi Sahil, deyə şəhidin ata­sı Vüqar Salmanov əli ilə bir qədər aralıda dayanıb söhbəti dinləyən 14–15 yaşlı qızlarını göstərir və qəhərini boğaraq üzünü yana çevirir. Birdən sifətinə sanki bir işıq gəlir, çöhrəsi tamam dəyişir,– bir də eşitdim ki, kəndimizin adamları bizə ev tikmək istəyirlər, deyir – Düzdür, “ayıbalası”ndan tikimiş evimizə əl vuranda oxa­lanıb tökülürdü, heç bir şəraiti yox idi, amma yenə də əvvəlcə razılıq vermək istəmədim. Gör­düm çox təkid edirlər və fikirləri də qətidir. “Sən bu ocaqdan hələ üç qız köçürməlisən” kəlmələri də məni yumşaltdı. İndi sağ olsunlar, gördüyünüz bu evi onlar bizə tikib verib.

Qeyd edək ki, Sahil Salmanov 2002-ci il martın 11-də Düz Qırıqlı kəndində anadan olub. 2019-cu illdə Düz Qırıqlı kənd tam orta məktəbini bitirib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Sahil Salmanov Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğ­runda gedən döyüşlərdə sava­şıb. O, oktyabrın 20-də Füzuli döyüşləri zamanı Dördçinar kəndi istiqamətində şəhid olub.

Azərbaycanın ərazi bütövlü­yünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalına layiq görülən Sahil Salmanov Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə ölkə Prezidentinin 25 dekabr 2020- ci il tarixli sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı ilə də təltif edilib.

… Şəhid evlərində az ol­mamışam, gül-çiçəyə bürünən məzarlarını da ziyarət ermişəm, onların valideynləri, yaxınla­rı, övladları ilə görüşmüşəm. Düşünmüşəm ki, bunları etmədən hər hansı bir şəhərdə, rayon­da şəhid ailələrinə göstərilən münasibətdən, diqqət və qayğı­dan yazmaq düzgün deyil. Bu, ilk növbədə, şəhidlərin ruhuna bir etinasızlıqdır. Əgər həqiqəti bilmək istəyirsənsə, “şəhid ailələrinə diqqət göstərilmir” – deyə har­dasa haqlı, ya haqsız danışan varsa, heç olmasa, özünün daxili rahatlığın üçün bunları etməlisən. Getməlisən, şəraitləri ilə tanış olmalısan, problemlərini öyrənməlisən, həqiqəti bilməlisən. Təbii ki, bu zaman ən böyük köməyin həqiqəti yazmaq olacaq. Yalnız icra hakimiyyətindən və ya hər hansı bir nümayəndəlikdən, yaxud başqa bir təşkilatdan aldı­ğın arayışı qarşına qoyub “diqqət və qayğı”dan yazacaqsansa, yaxşısı budur, yazma.

...Bu dəfə də Tovuza yola düşərkən heç kimə demədən getmişdim. Nə rayonun icra strukturları bilirdi, nə də yerli nümayəndəliklər. Yuxarıda qeyd etdiyim kimi, ilk gəldiyimiz kənd də Düz Qırıqlı idi. Böyük kənddir. Əhalisinin sayı 7 min nəfəri keçib. Orta məktəbi, musiqi məktəbi, uşaq bağçası və özünəməxsus memarlıq üslubunda tikilmiş nəhəng Mədəniyyət Evi var. Di gəl acınacaqlı vəziyyətdədir. Əsaslı təmirə ciddi ehtiyacı var. Möv­zumuzdan uzaq olduğu üçün bu barədə ayrıca yazı hazırlamaq niyyətindəyik.

Kənddə şəhid ailələrinə hörmət və izzət, diqqət addım­başı hiss olunur. Düz Qırıqlı Birinci Qarabağ döyüşlərində 17, İkinci Qarabağ müharibəsində isə 3 şəhid verib. Sahil Salma­nov haqqında məlumat verdik. Digər iki şəhid – Nəcməddin Bədirov və Asim Əliyev haq­qında da icra nümayəndəsi və kənd sakinləri ağızdolusu da­nışdılar, həmkəndliləri ilə fəxr etdiklərini dilə gətirdilər. 19 yaşlı Nəcməddin Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıq göstərib. O, 10 okt­yabr 2020-ci ildə Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətində gedən ağır döyüşlərdə döyüş tapşırığını yerinə yetirən zaman şəhid olub. Nəcməddin Bədirov bir müddət itkin kimi axtarılıb. Yalnız 43 gün sonra şəhid olduğu təsdiqlənib. Nəcməddin Bədirov ölkə Prezidentinin sərəncamları ilə ölümündən sonra “Vətən uğrun­da”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilib. Adına kənddə bulaq çəkilib. Asim Əliyev də Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib və ölümündən sonra “Vətən uğrunda” medalına layiq görülüb.

- İcra hakimiyyətinin başçısı Məmməd Məmmədov dünən bu kəndə gəlmişdi, – deyə icra nümayəndəsi Anım Günü ərəfəsində rayon rəhbərinin son bir ildə bir neçə dəfə Düz Qırıqlı kəndinə gəlməsindən danışır və bunun şəhid ailələri, eləcə də sakinlər tərəfindən böyük razı­lıqla qarşılandığını bildirir. Bilirsi­niz, – deyir – Düz Qırıqlı elə bir kənddir ki, burada hamı bir-birinə arxadır. Birinin təsadüfən evi yandısa, bütün kənd yığışıb ona kömək edir. Əslində, bu cür adət-ənənəmizi qoruyub saxladığımıza görə fəxr edirik. Amma təbii ki, dövlətimizin, icra hakimiyyətinin, digər təşkilatların, o cümlədən “Yaşat” fondunun köməyi olmasa biz şəhid ailələrinin, imkansızların üzünə baxa bilməzdik. Bu gün hansı şəhidin, qazinin evində gur işıq yanırsa, o öz mənbəyini Prezidentimizdən, dövlətimizdən götürür. Siz inanırsınız, şəhid ailəsi var ki, deyir bu torpaq uğrunda o biri övladlarımı da qurban verməyə hazıram. Çünki “ bu torpaq şəhidlərimizin çiyni üzərində dayanıb” deyilirsə və addımbaşı onların ailələrinə diqqət göstərilirsə, demək Vətən yolunda canından keçməyə dəyərmiş...

Maraqlıdır ki, icra hakimiyyəti nümayəndəsinin “Məmməd Məmmədov dünən bu kəndə gəlmişdi” kəlmələrini ayaq bas­dığımız digər kəndlərdə də eşitdik. Əyyublu, Dönük Qırıqlı kəndlərində, Qovlar şəhərində də dedilər ki, rayon rəhbəri Anım Günü ərəfəsində şəhidlərin hər birinin yenə evlərinə gedib, onların ailə üzvləri ilə görüşüb, problemləri ilə maraqlanıb, məişət şəraitləri ilə yaxından tanış olub və təbii ki, məzarlarını ziyarət edib...

Deyirlər, dərd o zaman yüngülləşir ki, ona şərik çıxanların, bu dərdi özününküləşdirənlərin sayı çox olur. Tovuzda bu baxım­dan görüb-götürüləsi işlər çoxdur. Ən başlıcası adamlar laqeyd deyillər. Ona görə yox ki, rayon rəhbəri bu işlərə qarşı həddindən artıq həssasdır, tələbkardır, bəzən yeri gələndə sərtdir, özü nümunə göstərəndir, xeyr, sadəcə insanlar o qədər qaynayıb-qarışıblar ki, biganəlik buzu tədricən əriməyə başlayıb. Bir də ki, bu yerlərin adamlarının dövlətə və dövlətçiliyə sədaqəti, ölkə Prezidentinin, birinci xanım Mehriban Əliyevanın şəhid ailələrinə, qazilərə göstərdikləri diqqət və qayğı nümunəsi onları belə işlərdə daha sıx birləşdirib.

Əyyublu kəndində də şəhid ailələrinə, müharibə iştirakçı­larına isti münasibətin şahidi olduq. Doğrudur, kəndin inzibati ərazi dairəsi üzrə nümayəndəsi məzuniyyətdə olduğundan mü­avini Müşgünaz Tağıyeva şəhid ailələri, qazilər haqqında bizə müfəssəl məlumat verə bilmədi, amma nümayəndəliyin digər əməkdaşları söhbətə qoşularaq Əyyublunun 11şəhidi (onların 9-u Birinci Qarabağ müharibəsinin iştirakçısıdır) olduğunu söylədilər. Yeri gəlmişkən, bir məsələni qeyd edək ki, kənd icra nümayəndəliklərində işləyənlərin hər biri fəal, təşəbbüskar, məlumatlı olmalıdır. Çünki onlar dövlət qulluqçuları hesab olunur. Əgər müavindən “qazilərdən neçə nəfəri işlə təmin olunub?” – soruşanda “icra nümayəndəsi bilir, o da məzuniyyətdədir” deyirsə, deməli o, sakinlərə təkcə arayış yazıb verməklə vəzifəsini bitirmiş hesab edir.

... Əyyubluda şəhidlər bö­yük təntənə ilə dəfn ediliblər. Rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri dəfələrlə onların evlərinə gəlib, problemləri ilə maraqlanıb, arzularını, istəklərini yerinə yetiriblər... Şəhid anası Nurlana Babayeva ilə söhbət edirəm. Deyir, oğlum Vahid Qur­banov şəhid olanda elə bilirdim tamamilə tək qaldım. Lakin, el-oba mənə elə dayaq oldu, dərdimi elə yüngülləşdirdi ki, söz tapmıram. Sağ olsun başçımız, neçə dəfə bizə gəldi, təsəlli verdi, qəbirüstü abidənin hazırlanmasına kömək göstərdi, digər problemlərimizi həll etdi. Məmməd müəllim dəfələrlə bizə gəlib və hər dəfə də “nə kömək lazımdır?” – deyə soruşub. Oğlumun məzarı üstünə talvar da düzəldilməsini xahiş etdim və “baş üstə” deyib ertəsi gün hazırladıb başa çatdırdı …

Qeyd edək ki, Nurlana Ba­bayevanın oğlu Vahid Qurbanov Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 30-da Xocavənd döyüşləri zamanı şəhid olub. Əyyublu kəndində torpağa tapşı­rılıb.Vahid Qurbanov ölümündən sonra “Vətən uğrunda”, “Füzu­linin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Kəndin ikinci şəhidi və artıq Əyyublunun fəxri hesab edilən Ceyhun Mirzəyev isə Vətən müharibəsi zamanı Zəngilan, Qubadlı və Laçının azadlığı uğ­runda gedən döyüşlərdə könüllü olaraq savaşıb. O, noyabrın 9-da Laçın rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olub və kənddə böyük izdihamla dəfn edilib. Azərbaycan Prezi­dentinin sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrun­da", "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

Dönük Qırıqlı kəndində də icra nümayəndəsi Hüseyn Aslanovla görüşərkən şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıdan söz düşdü. İcra nümayəndəsi bildirdi ki, İkinci Qarabağ müharibəsində kəndin bir şəhidi olub. Nurlan Sultanov. O, 1999-cu ilin mayın 31-də Dönük Qırıqlı kəndində anadan olub. 2019-cu ilin oktyabr ayında hərbi xidmətə yollanıb. Müharibədə topçu olan Nurlan əvvəl Xocavənd və Füzuli, sonra isə Cəbrayıl və Qubadlıda döyüşlərdə iştirak edib. Müharibənin başa çatmasına 6 gün qalmış, 2020-ci il noyabrın 3-də Füzuli–Qubadlı yolunda gedən döyüşlər zamanı şəhid olub. Qeyd edək ki, N. Sultanov hələ körpə olarkən atasını itirib. Anası və qardaşı ilə birlikdə yaşa­yıb. Anası Rəna xanımla görüşüb söhbət etdim. Kənd aptekində işləyir. Dedi ki, sağ olsunlar, imkan vermirlər ki, özümü tənha hiss edim. Oğlum Vətən torpağı uğrun­da canından keçib. Nə yaxşı ki, bunu rayon rəhbərindən tutmuş sı­ravi kənd adamına kimi hamı bilir və başlıcası yüksək qiymətləndirir. Fəxr edirəm ki, torpaqlarımızı yağı düşməndən azad edən bir Prezidentin rəhbəri olduğu ölkənin vətəndaşıyam.

Kənddə Nurlanın adına bulaq da inşa olunur. Tikilinin eskizini bizə göstərən icra nümayəndəsi “Şəhidimizin ilinə kimi istifadəyə verəcəyik” dedi.

...Qovlar şəhərində qəribə bir mənzərə ilə qarşılaşdım. İcra hakimiyyətinin şəhər üzrə nümayəndəsi Oruc Binnətovla qələmə aldığım mövzu ilə bağ­lı söhbət edərkən sinəsində iri hərflərlə “press” yazılmış, uzun saçları çiyninə tökülmüş bir gənc salamsız-kəlamsız içəri daxil oldu, hansısa saytı təmsil etdiyini bildirdi və kamerasına guya yazdığı bir qadının çıxışını göstərmək istədi. Oruc Binnətov təmkinini belə poz­madan qarşısındakı siyahını ona uzadıb “şəhidlərin, itkin düşənlərin və qazilərin siyahısıdır. Telefon nömrələri də qarşısında. Han­sına istəyirsən götür, bu dəqiqə zəng et və soruş münasibətimizi. Heç demə ki, yanımızdan zəng edirsən.” “Press” duruxdu və gizlincə şəklini də çəkdiyimizi gö­rüb deyinə-deyinə çıxıb getdi...

İcra nümayəndəsi dedi ki, belələri rayona tez-tez gəlir. Onla­rın gəlişi şəhid ailəsinin qayğıları, problemləri ilə maraqlanmaq deyil, tamamilə başqa niyyətdir. Bir çoxu şantaj yolunu tutur. Bəziləri şər-böhtan atmaq üçün bunu edir. Bir başqası şəhid adından istifadə edir...

Qovlar şəhərinin İkinci Qa­rabağ müharibəsində 3 şəhidi var: Zülfüqar Abbasov, Xətai Həsənov və Nurlan Vəliyev. Artıq onları nəinki təkcə Qovlar­da, Tovuzun hər yerində tanıyır, adlarını əziz tuturlar. Adlarına bulaq kompleksləri tikilib istifadəyə verilib.

Tovuzda nə şəhid ailəsi tək - tənhadır, nə də qazilər. Onlar artıq əməlləri ilə müqəddəsləşiblər. Bu müqəddəsliyi qoruyub saxlamaq asan iş deyil. Bunun üçün böyük ürək sahibi olmaq, Vətənimizin hər qarış torpağı üçün canların­dan keçənlərin və yaralananların, bütün iştirakçıların yanında olmağı bacarmaq lazımdır. Tovuzda buna nail ola biliblər...

Hamlet QASIMOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

Tovuz

https://xalqqazeti.com/az/news/87387?fbclid=IwAR0x8-aJhI7dwcwU0mOiIfGEvhKddcZRu9C9rzKbcK0t39MAYT9iecrPWkw

Keçidlər