Şriftin ölçüsü :

Saytın rəngi :

Emal müəssisələri aqrar sənayenin inkişafını sürətləndirir

07 oktyabr 2021 | 16:00

Azərbaycan Prezidenti İlham Əliyev bölgələrdə kənd təsərrüfatının müasir üsullarla inkişaf etdirilməsi üçün sərəncamlar imzalamışdır. Dövlət başçısının imzaladığı regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarından irəli gələn vəzifələr Azərbaycanın hər yerində, o cümlədən Tovuzda uğurla icra olunur. Tovuz hər il kənd təsərrüfatı məhsullarının istehsalında yüksək nəticələr göstərir. Rayonda əsasən kartof, taxıl, üzüm, yerkökü, qida çuğunduru, tütünçülük və maldarlıq inkişaf edib. İstər dağlıq, istərsə də aran bölgələrində yetişdirilən ekoloji təmiz məhsullar rayon bazarı ilə yanaşı, respublika bazarlarında da bolluq yaradır.

Hər il minlərlə ton ixracyönümlü rəqabətədavamlı kənd təsərrüfatı məhsulları xarici bazarlara ixrac olunur. Rayonda müasir standartlara cavab verən aqraryönümlü müəssisələr yaradılır ki, bu da aqrar sahənin sürətli inkişafına stimul verir. Tovuzda hər il minlərlə hektar taxıl səpini həyata keçirilir. Taxılçılıqda yüksək məhsuldarlığın əldə olunması birbaşa yüksək reproduksiyalı keyfiyyətli toxumdan və lazımi aqrotexniki qulluqdan asılıdır. 2018-ci ildə rayonda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Dövlət Toxum Fondu tərəfindən Dənli bitki toxumlarının emalı zavodu inşa edilmişdir. Zavod qərb bölgəsində yüksək kondisiyalı və məhsuldar buğda və arpa toxumları emal edərək fermerlərə xidmət göstərir.

Zavod saatda 5 ton toxum emal etmək gücünə malikdir. Ümumi sahəsi 1.1 hektar olan müəssisə inzibati binadan, toxumtəmizləyici mərkəzdən, emal prosesindən əvvəl toxum materialının boşaldılması və hazır toxumların saxlanılması üçün nəzərdə tutulan silo və anbar üçün ayrılmış sahədən ibarətdir.

Zavodda toxumun keyfiyyət və məhsuldarlıq parametrləri üzrə müayinə edilməsi üçün müasir standartlara uyğun laboratoriya quraşdırılıb. Emal prosesi dörd mərhələdən ibarətdir. İlk mərhələdə əsas daş qalıqları və iri saman çöpləri, ikinci mərhələdə xırda saman çöpləri və vələmir, üçüncü mərhələdə xırda buğdalar, dördüncü mərhələdə buğda köynəyi və boş buğdalar təmizlənərək kalibrləmə edilir. Təmizlənmiş buğdalar sürmə xəstəliyinə qarşı maddə ilə dərmanlanaraq 50 kiloqramlıq kisələrə yığılır. Tovuz toxum emalı zavodunun əsas üstünlüyü toxum emalını az itki ilə həyata keçirməsidir.

Tovuz toxum emalı zavodu qərb bölgəsindəki taxıl istehsalçılarının yüksək reproduksiyalı toxumlarla təmin edilməsində vacib rol oynayır. Burada yerli iqlim şəraitinə uyğun və xəstəliklərə davamlı toxumlar emal edilir, fərdi toxumçuluq təsərrüfatlarından tədarük olunan toxumların təmizlənməsi, qablaşdırılması, sertifikatlanması həyata keçirilir.

Bu il Tovuz toxum emalı zavodunda sentyabr ayına kimi 3 min tona yaxın toxum emal edilmişdir. Zavodda fiziki və hüquqi şəxslərin həm yerli, həm də xarici sortların toxumları emal edilmişdir. Hazırda da emal prosesi davam edir.

Qeyd etmək lazımdır ki, Azərbaycanda toxumçuluğun inkişaf etdirilməsi məqsədilə Ağcabədi, Tovuz, Xaçmaz, Şəki və Qobustan rayonlarında dənli bitki toxumlarının emalı müəssisələri qurulub. Zavodlarda quraşdırılan avadanlıqlar vasitəsilə emal olunan toxum materialını 98 faiz təmizləmək mümkündür. Bununla yanaşı, müəssisələrdə quraşdırılmış 3 min tonluq silo qurğularının əsas funksiyası toxumun qəbul edilərək emal xəttinə davamlı ötürülməsi və həmin qurğularda saxlanılan toxumun digər ərazilərə daşınması üçün avtomobillərə asanlıqla yüklənilməsini təmin etməkdir.

Zavodun fəaliyyət göstərməsi regionda taxılçılıqda yüksək məhsuldarlığın əldə olunmasını təmin edəcəkdir.

Tovuz rayonu eyni zamanda, tütünçülüyün inkişaf etdirilməsi üçün əlverişli zonadır. Rayon üçün ənənəvi sahə olan tütünçülük bir zamanlar tamamilə yaddan çıxmışdı. Azərbaycanda tütünçülüyün inkişafını təmin etmək üçün dövlət başçısı İlham Əliyev “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nın qəbul edilməsinə dair 10 avqust 2017-ci il tarixli sərəncam imzalamışdır. Sərəncamdan irəli gələn məsələlərin icrası kimi respublikanın bir neçə rayonunda, o cümlədən Tovuzda “Tovuz aqro sənaye” MMC-də tütünqurutma məntəqəsi qurulub istifadəyə verilmişdir ki, bu da tək Tovuz üçün deyil, bütün bölgə üçün böyük əhəmiyyətə malikdir. Belə ki, əvvəllər tütün istehsalçıları topladığı məhsulu rayondan bir neçə kilometr uzaqda fəaliyyət göstərən tütün qəbulu məntəqələrinə aparmaq məcburiyyətində qalırdılar. Bu isə həm vaxt, həm də pul itkisinə səbəb olurdu. Bu müəssisənin yaradılması bölgədə tütünçülüklə məşğul olanlara dəstək və töhfədir. Müəssisədə 22 tütünqurutma kamerası, çeşidləmə məntəqəsi, anbar və digər yardımçı binalar mövcuddur. Hər kameraya 5 tondan artıq tütün yığılır. Qurudulduqdan sonra çeşidlənir və digər proseslər aparılır.

Tovuzda üzümçülüyün inkişafında da yüksək nəticələr əldə olunur. Hələ sovetlər dönəmində, demək olar ki, kəndlərin çoxunda üzüm emalı müəssisələri fəaliyyət göstərmişdir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, 80-ci illərin sonlarından başlayaraq üzümçülük və şərabçılıq tənəzzülə uğradı. Ancaq son 10-15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan düzgün iqtisadi islahatlar nəticəsində bütün sahələrdə olduğu kimi, aqrar sahənin bu gəlirli sektorunda da canlanma başladı. Tovuzda hər il üzüm plantasiyalarının ərazisi genişləndirilir. Bağlarda müxtəlif növ süfrə sortları ilə yanaşı, texniki sort üzümün yetişdirilməsi də ön plana çəkilmişdir. Ötən illərdən fərqli olaraq indi fermerlər texniki sort üzümün satışında heç bir çətinliklə üzləşmirlər. 2019-cu ildə fəaliyyətə başlayan “A+CO” MMC-də ildə 3 min ton üzüm qəbul etməyə imkan verən zavod qurulmuşdur. Zavod üçün İtaliya, Fransa və digər xarici ölkələrdən müasir texnoloji avadanlıqlar gətirilmişdir. Rayonun üzümçülüklə məşğul olan fermerləri və eyni zamanda ətraf bölgələrin sakinləri yetişdirdikləri texniki üzüm sortlarını bu yeni zavodun qəbul məntəqəsinə təhvil verirlər.

Ərzaq təhlükəsizliyinin təmin olunmasında, qiymət oynamalarının, məhsulun zay olmasının və qıtlığın qarşısının alınmasında soyuducu anbarlar müstəsna əhəmiyyətə malikdir. Digər bölgələrdə olduğu kimi, Tovuzda da sahibkarlar soyuducu anbarların quraşdırılmasında maraqlıdırlar. Tovuz rayonunda 42 ədəd soyuducu anbar kompleksi vardır. Düz Cırdaxan kəndi ərazisində isə yeni 3000 tonluq yeni soyuducu anbar kompleksində işlər yekunlaşmaq üzrədir. Soyuducu anbarlarda adətən rayonda yetişdirilmiş məhsullar - üzüm, xurma, kartof və digərləri qeyri-mövsüm üçün saxlanılır, daxili və xarici bazarlarda istehlakçılara təqdim olunur. Rayondan hər il minlərlə ton xurma və üzüm məhsulu “Made in Azerbaijan” brendi altında xarici bazarlara ixrac olunur.

Tovuzda yalnız bitkiçilik deyil, həm də heyvandarlığın inkişaf etdirilməsi üçün emal müəssisələri fəaliyyət göstərir. Ölkəmizdəki ən iri ətçilik üzrə ixtisaslaşmış emal müəssisələrindən biri olan “Tovuz-Aqro” MMC rayonun Hunanlar kəndi ərazisində, Ceyrançöl massivində yerləşir. Müəssisənin tikintisinə 2017-ci il oktyabr ayında başlanmış, 2019-cu ilin dekabr ayında tikinti başa çatmışdır. Müəssisə əkinçilik, heyvandarlıq və heyvandarlıq məhsullarının istehsalı, emalı və satışı ilə məşğuldur. Müəssisə 550 hektar ərazini əhatə edir. 450 hektar sahədə mənbəyini Kür çayından götürməklə “Pivot” suvarma sistemi quraşdırılmışdır ki, bu da yüksək məhsuldarlığa zəmin yaradır. Yarandığı gündən indiyədək müəssisədə 1500 tondan artıq GMO-suz, ekoloji təmiz mal əti istehsal edilərək satışı həyata keçirilmişdir. Ət satışı hələlik respublikanın daxili bazarlarında həyata keçirilir ki, bu da ərzaq təminatının yaxşılaşdırılmasına öz töhfəsini verir. Heyvanlar əsasən xaricdən idxal edilir. Yaxın gələcəkdə xarici bazarlara da ət ixracı nəzərdə tutulmuşdur. Müəssisə damazlıq sürüsünün yaradılması üçün Kənd Təsərrüfatı Nazirliyindən razılıq almışdır. Təsərrüfatda 68 baş ana inəkdən 70 baş sağlam bala alınmışdır. Qarşıda duran əsas vəzifələrdən biri damazlıq sürüsünün sayını artırmaqdır.

Rayonda müasir standartlara cavab verən müəssisələrin yaradılması aqrar sahənin innovativ üsullarla idarə olunmasını təmin edir, işsizliyin aradan qaldırılması, bol məhsulun əldə olunması, eyni zamanda rayon iqtisadiyyatının yüksəlməsində böyük əhəmiyyət kəsb edir.

https://www.respublica-news.az/news/emal-muessiseleri-aqrar-senayenin-inkisafini-suretlendirir

Vəli VƏLİYEV,

“Respublika”.

Keçidlər