Tovuzda YAP-ın yaranmasının 24-cü ildönümü münasibətilə tədbir keçirilib
Tovuz rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının təşkilatçılığı ilə YAP-ın yaranmasının 24-cü ildönümü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək Ulu öndərin xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı, YAP Tovuz rayon təşkilatı İdarə Heyətinin üzvü Tofiq Zeynalov açaraq qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası Onun ideyalarını davam etdirərək 24 illik şərəfli yol keçib və özünü uğurlar və qələbələr partiyası kimi təsdiq edib. Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində partiyanın daha da gücləndiyini vurğulayan Tofiq Zeynalov son illər ölkəmizdə qazanılan uğurlardan bəhs edib.
Sonra YAP Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” mövzusunda məruzə edib. O qeyd edib ki, YAP-ın 24 illik tarixi, onun keçdiyi çətin və şərəfli yol göstərdi ki, bu partiyanın təməl daşlarını qoyanlar yeni müstəqil dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməkdə, öz seçimlərində, düşüncə və əməllərində, rəy və proqnozlarında tam haqlı olmuşlar və haqlı olaraq qalırlar: “YAP-ın apardığı böyük, əzəmətli işlər onun mövqeyini daha da möhkəmləndirir, xalqın bu partiyanın ideoloji siyasi xəttinə dəstəyini artırır”.
O, hazırda YAP-ın Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu və bu gün regionun ən güclü siyasi təşkilatı olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən YAP Tovuz rayon təşkilatının Gənclər Birliyinin sədri Nihad Pənahov Ulu öndər Heydər Əliyevin gənclərə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşdığını və bu siyasətin YAP Sədri, ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq gəncliyin ölkədə həyata keçirilən müasirləşmə siyasətinə, Azərbaycanın gələcək firavan həyatının təmin edilməsinə böyük töhfələr vermək əzmində olduğunu bildirib.
Daha sonra gənc partiya fəalları İdrak Tağıyev, Aytən Tağıyeva və Nərgiz Sabirli çıxış edərək partiyanın fəaliyyətində daha yaxından iştirak edəcəklərini, Ulu öndər Heydər Əliyevin gənclərə qoyduğu əmanətləri şərəflə qoruyacaqlarını bildiriblər.
Tədbirin sonunda YAP sıralarına yeni daxil olmuş bir qrup gəncə partiyanın üzvlük vəsiqələri təqdim olunub.