Şriftin ölçüsü :

Saytın rəngi :

5 Oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 oktyabr 2021 | 16:00

5 oktyabr dünya ictimaiyyətinin məhəbbətlə qarşıladığı və daim qəlbində gəzdirdiyi müəllimlərin peşə bayramı, Beynəlxalq Müəllimlər Günüdür. 5 oktyabr tarixinin qeyd edilməsinə dair qərar ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO tərəfindən verilib. Təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib. İndi dünyanın 100-dən çox ölkəsində oktyabrın 5-də müəllimlər peşə bayramlarını qeyd edirlər.

İnsan, həyatı, yazıb-yaratmağı öyrədən müəlliminə mənən borclu olduğuğunu dərk edərək, onun vücudu qarşısında səcdə edir. Bir müəllimin gücü bir ordu ilə müqayisə oluna bilər. Hər fərdin cəmiyyətdə formalaşması müəllim əməyi, təxəyyülü, zəhməti və illəri hesabına başa gəlir. Cəmiyyətə savadlı, elmi bilikli gənclər ordusunu yetişdirən müəllim onu şəxsiyyət və vətəndaş olaraq cəmiyyətə hazırlayır. Xalqımızın milli təfəkküründə müəllim adı hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunur, böyük hörmətlə və yüksək ehtiramla çəkilir.

Dünyanın ən müdrik simaları, liderləri, böyük şəxsiyyətləri, beynəlxalq aləmin hegemon qüvvələri müəllim adı qarşısında adiləşir, öyrənməyə və nəyisə əxz etməyə çalışırlar. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram”, - deyən Ümummilli Lider Heydər Əliyev, Azərbaycana rəhbərlik etdiyi bütün illərdə, müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Hər yerdə olduğu kimi, Azərbaycanda da müəllimə qarşı böyük bir imic formalaşıb, hər kəs onun şəxsiyyətinə və böyüklüyünə hörmətlə yanaşır.

Dövlət başçısı İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illər ərzində, təhsilin inkişafı ilə bağlı qarşıya qoyulmuş hədəflər uğurla yerinə yetirilib. Qəbul olunmuş dövlət proqramları, layihələr, aparılan islahatlar təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsində mühüm rol oynayır. Belə ki, məktəblərdə əsaslı təmir-tikinti işlərinin aparılması, müasir tipli yeni təhsil ocaqlarının tikilib istifadəyə verilməsi regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarında öz əksini tapıb.

Ümummilli Lider Heydər Əliyevin milli təhsil quruculuğu strategiyası Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkənin tərəqqi və inkişafına zəmin yaratdı. Bu gün Ulu Öndər Heydər Əliyevin maarifçilik ideyalarını Prezident İlham Əliyev, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyeva əzmlə və uğurla həyata keçirir.

Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun dövlətin bu fəaliyyət proqramına verdiyi dəstək isə, öz mükəmməlliyi ilə seçilir. Heydər Əliyev Fondu ölkədə məktəb tikintisində yaxından iştirakla yanaşı, həmin təhsil müəssisələrinin əyani vəsaitlər və şagirdlərin məktəb ləvazimatı ilə təminatında da mühüm rol oynayır. Yeni və müasir məktəblər, yeni təhsil kompleksləri şagird kontingentinin təhsil şəraitini tamamilə dəyişir və tədrisin səviyyəsini yüksəldir.

Bayram günündə indi fəxrlə söyləyə bilərik ki, 2020-ci il Azərbaycanın Zəfər ili, qələbə ili oldu. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi, Rəşadətli Azərbaycan Ordusunun şücaəti, Qalib Azərbaycanın Xalqının mənəvi dəstəyi sayəsində Vətən Müharibəsində üzüağ, başı dik çıxan Silahlı Qüvvələrimiz 30 ildən sonra torpaqlarımızı işğaldan azad etdi. Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi. Orduda xidmət edən, qanı-canı bahasına torpaqlarımızı işğaldan azad edən qəhrəman əsgərlərimiz bir zamanlar müəllimlərimizin şagirdləri olmuş, parta sıraları arxasında oturmuşlar. Müəllimlər Vətənə olan sevgini uşaqlıqdan Qalib Azərbaycan Ordusunun əsgərlərinə çox məharətliklə çatdırmış, öz şagirdlərini vətənpərvərlik ruhunda yetişdirmişlərdir.

Tovuz rayonunda da dövlətimizin qayğısı ilə təhsilin inkişafı, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni məktəblərin tikintisi uğurla aparılır və bu işlər indi də mərhələlərlə icra olunur. Son 15 ildə rayonumuzda 35 müasir tipli məktəb binasının istifadəyə verilməsi Tovuz təhsilinə Azərbaycan dövlətinin qayğısının ən parlaq təzahürüdür. Son illərdə Heydər Əliyev Fondu tərəfindən Tovuz şəhər A. Qasımov adına tam orta məktəbi müasir dizaynla qurulmuş, 480 şagird yerlik Köhnəqala məktəbinin binaları əsaslı şəkildə təmir olunmuş, Bozalqanlıda 6 korpusdan ibarət 1200 yerlik müasir məktəb kompleksi tikilərək istifadəyə verilmişdir. Eyni zamanda dövlətin qayğısı ilə Mollayrım kənd ibtidai məktəbi üçün 20 şagird yerlik, Şıxheybət və Göyəbaxan kəndlərinin hər birində 56 şagird yerlik olmaqla 3 modul tipli yeni məktəb binaları istifadəyə verilmişdir. Təhsilin inkişafı sahəsində Tovuz rayonunda uğurla icra olunan layihələr bütün tovuzlularda böyük məmnunluq yaradır.

Tovuz Rayon İcra Hakimiyyəti Tovuzun gənc nəslin inkişafı üçün əlindən gələni əsirgəməyən bütün müəllimləri təbrik edir, şərəfli və məsuliyyətli işlərində uğurlar arzulayır.

Keçidlər