“Ölkəmizi tanıyaq” tur-aksiyasına Tovuz məktəbliləri də qoşuldu
Noyabrın 17-də “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Tovuz rayonundan 40 nəfər IX-XI sinif şagirdi 5 bələdçi-müəllimin müşayiəti ilə Qəbələ şəhərinə yola salınıb.
Yolasalma mərasimində Tovuz Rayon İcra Hakimiyyətinin başçısı cənab Tofiq Zeynalov, icra hakimiyyəti başçısının müavini Təranə Bayramova və təhsil şöbəsinin müdir müavini Səməd Tağıyev çıxış edərək, şagirdlərə turun məqsədi barədə məlumat verib, onlara səfərlərinin xoş və mənalı keçməsini arzulayıblar. Bildirilib ki, respublikamızda gənclərin hərtərəfli inkişafı üçün gözəl şərait yaradılıb. “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası da gənclərə dövlət qayğısının təzahürüdür. Məlumat verilib ki, tovuzlu gənclər dörd gün ərzində Qəbələ, Şəki və Zaqatala rayonlarında tarixi abidələrlə, digər görməli yerlərlə yaxından tanış olacaqlar. Tur-aksiya məktəblilərin səfər etdikləri bölgələrin müasir inkişaf səviyyəsi ilə də tanış olmalarına şərait yaradacaq.
Tur-aksiya iştirakçısı, Aşağı Quşçu kənd 1 saylı tam orta məktəbinin şagirdi Anar Axundzadə deyib: “Ölkəmizin regionlarını gəzmək, tarixi yerləri ilə tanış olmaq çoxdankı arzum idi. Əminəm ki, bu tur-aksiya mənim və yaşıdlarımın dünyagörüşünün artmasına müsbət təsir göstərəcək. Belə layihələr gənclərin ölkəmiz haqqında təsəvvürünün, biliklərinin artmasında əvəzsiz rol oynayır”.
E.Məmmədov adına Tovuz şəhər tam orta məktəbin şagirdi Gülnar Əliyeva da layihədə iştirak etdiyi üçün sevindiyini bildirib: “Qəbələ, Şəki və Zaqatala rayonlarının tarixi, bu yerlərin əsrarəngiz gözəllikləri haqqında çox oxumuş və eşitmişəm. Tur-aksiya zamanı bütün bunları əyani şəkildə görə biləcəm. Məktəblilər üçün belə bir imkanı yaratdığına görə tur-aksiyada iştirak edən şagirdlər adından dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.
Tur-aksiya iştirakçıları Tovuz şəhərindəki Heydər Əliyev Mərkəzini ziyarət edib, Ümummilli Liderin Mərkəzdəki büstü önünə gül-çiçək dəstələri düzüblər.