Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayon İcra Hakimiyyətinin başçısı 2021-ci ildə yüksək balla tələbə adını qazanmış gənclərlə görüş keçirmişdir

08 sentyabr 2021 | 16:00

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov cari ilin məzunlarından 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunaraq tələbə adını qazanan gənclər, şəhid və qazi ailələrinin üzvləri ilə görüş keçirmişdir. Heydər Əliyev Fondu tərəfindən Bozalqanlı kəndində tikilmiş 6 korpusdan ibarət 1200 yerlik müasir məktəb kompleksinin geniş akt zalında baş tutan görüşdə çıxış edən M.Məmmədov qeyd etmişdir ki, bu ilki görüş xüsusi bir şəraitdə həyata keçirilir. Biz qalib xalqın qalib övladları kimi sizlərlə görüşürük. İcra Hakimiyyəti başçısı şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra bildirmişdir ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun şücaəti ilə torpaqlarımız 30 ildən sonra işğaldan azad olunmuşdur. 2020-ci il Azərbaycan üçün Zəfər ili olmuşdur. Siz qalib xalqın övladlarısınız və Zəfər tariximiz bizim milli qürur mənbəyimizdir.

Dövlətimizin təhsil sahəsinə göstərdiyi diqqətdən söz açan İcra Başçısı görüş iştirakçılarının nəzərinə çatdırmışdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Azərbaycan Respublikasının Birinci-vitse prezidenti Mehriban xanım Əliyeva təhsilə, gənc nəslin hərtərəfli yetişdirilməsinə daim böyük qayğı göstərirlər. Hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi bütün ölkəmizdə olduğu kimi Tovuz rayonunda da uğurla icra olunur və insanlarımizda böyük məmnunluq yaradır. Son 15 ildə rayonumuzda 35 müasir tipli məktəb binasının istifadəyə verilməsi Tovuz təhsilinə Azərbaycan dövlətinin qayğısının ən parlaq təzahürüdür. Son illərdə Heydər Əliyev Fondu tərəfindən Tovuz şəhər A. Qasımov adına tam orta məktəbi müasir dizaynla qurulmuş, 480 şagird yerlik Köhnəqala məktəbinin binaları əsaslı şəkildə təmir olunmuş, Bozalqanlıda 6 korpusdan ibarət 1200 yerlik müasir məktəb kompleksi tikilərək istifadəyə verilmişdir. Eyni zamanda dövlətin qayğısı ilə Mollayrım kənd ibtidai məktəbi üçün 20 şagird yerlik, Şıxheybət və Göyəbaxan kəndlərinin hər birində 56 şagird yerlik olmaqla 3 modul tipli yeni məktəb binaları istifadəyə verilmişdir. 1176 yerlik Aşağı Quşçu kənd tam orta məktəbi və Yuxarı Öysüzlü kəndində Müşfiq Əliyev adına məktəb binasının 14 sinif otağı əsaslı təmir olunmuş, Əlimərdanlı, Aşağı Mülkülü və Xatınlı məktəblərinin binalarının dam örtükləri dəyişdirilmişdir. Qədirbilən tovuzlular bu qayğıya və göstərilən yüksək etimada layiqincə cavab verərək təhsildə yeni-yeni nailiyyətlər qazanır, Tovuz təhsilinin ənənələrini uğurla davam etdirirlər.

Tarixən təhsilə, elm və mədəniyyətə çox bağlı olan tovuzluların övladları ölkənin və dünyanın ayrı-ayrı nüfuzlu universitetlərində rayonumuzu layiqincə təmsil edirlər. Bunun  üçün rayonda kifayət qədər pedoqoji kadr potensialı və lazımi maddi-texniki baza  vardır.  Keçən  il  600 və ondan yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunanlar 23 nəfər təşkil edirdisə, bu il onların sayı artaraq 27 nəfərə çatmışdır. Bu nailiyyətlərin pandemiya dövründə, onlayn təhsil şəraitində əldə olunması diqqətəlayiqdir. Sevindirici haldır ki, qəbul imtahanlarında müvəffəqiyyət qazananlar sırasında şəhidlərimizin və qazilərimizin ailə üzvləri də vardır. Şəhid Samiq Fərzəliyevin həyat yoldaşı Əliyeva Aytac Rauf qızı Azərbaycan Texniki universitetinə, qazı Əliyev Zaur Elçin oğlunun həyat yoldaşı Bəşirzadə Nərmin Cabbar qızı Lənkəran Dövlət universitetinə qəbul olunmuşlar. Biz Sizin hamınızı, xüsusən ali məktəblərə daxil olan şəhidlərimizin və qazilərimizin ailə üzvlərini ürəkdən təbrik edirik və təhsilinizin davam etdirilməsində uğurlar arzulayırıq.

Görüşdə Tovuz Rayon Təhsil Şöbəsinin müdiri Elmira Mürşüdlü, Məharət Məmmədov adına Qovlar şəhər məktəb-liseyin direktoru Fatma Allehverdiyeva, cari ilin məzunlarından İlhamə Namazova və Nurlan Yusifov çıxış edərək dövlətimizin təhsilə göstərdiyi diqqət və qayğısından söz açmış, ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.

Sonra tələbə adını qazanan şəhid və qazi ailələrinin üzvlərinə, 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunan tələblərə rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələri təqdim olunmuşdur.

Sonda tədbir iştirakçıları xatirə şəkili çəkdirmişlər.

 

 

Keçidlər