TOVUZ: TƏHSİLDƏ ÜRƏKAÇAN NAİLİYYƏTLƏR
Yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. Respublikanın hər yerində bu əlamətdar günə ciddi hazırlıq işləri aparılır. Tovuz rayonunda bu vacib sahənin vəziyyəti ilə maraqlandıq. Həmsöhbətimiz Tovuz Rayon Təhsil Şöbəsinin müdiri Elmira Mürşüdlü dedi:
“Pedaqoji sahədə çalışanların əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması, işə qəbulda şəffaflığın təmin olunması, müəllimlərin sosial rifah halının yaxşılaşdırılması istiqamətində bu gün vacib addımlar atılır. Azərbaycanın hər yerində köhnə məktəb binaları tarixə qovuşur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə «Yeniləşən Azərbaycana yeni məktəb», «Təhsilə dəstək» layihələri uğurla həyata keçirilir.
Hər il respublikada onlarla müasir standartlara cavab verən məktəb binaları inşa olunur və ya əsaslı təmir olunaraq istifadəyə verilir. Azərbaycan təhsilinə göstərilən qayğı Tovuz rayonundan da yan keçməyib. Son illərdə rayonda ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün genişmiqyaslı işlər həyata keçirilir.
2020-2021-ci tədris ilinin əvvəlində Bozalqanlı kənd Y.Sadıqov adına tam orta məktəb üçün 1200 şagird yerlik, Tovuz şəhər A.Qasımov adına tam orta məktəb üçün 624 şagird yerlik məktəb binaları tikilib istifadəyə verilmişdir. Eyni zamanda, Göyəbaxan kənd ümumi orta məktəb üçün 56 şagird yerlik, Mollayrım kənd ibtidai məktəb üçün 20 şagird yerlik, Şıxheybət kənd ümumi orta məktəb üçün 56 şagird yerlik modul tipli məktəb binalarının tikintisi yekunlaşmışdır.
Köhnəqala kənd Ş.İ.Xətai adına 480 şagird yerlik tam orta və Aşağı Quşçu kənd İ.Mürşüdov adına 1176 şagird yerlik tam orta, Dondar Quşçu kənd 627 şagird yerlik tam orta məktəbləri əsaslı təmir edilmiş, müəllim və şagirdlər 2020-2021-ci tədris ilinə yeni müasir standartlara uyğun təmir edilmiş binalarda başlamışdır.
Ümumiyyətlə, 2003-cü ildən bu günə qədər rayonda 46 məktəb binası tikilmişdir. Bu dövr ərzində 23 məktəbdə əsaslı təmir işləri aparılmış, 5 məktəbdə əlavə korpuslar inşa edilmişdir.
2020-2021-ci tədris ilində rayonda 83 ümumtəhsil məktəbi, o cümlədən 63 tam orta, 17 ümumi orta və 3 ibtidai məktəb fəaliyyət göstərmişdir.
Eyni zamanda, rayonda 2 məktəbdənkənar təhsil müəssisəsi, 695 nəfər şagirdin cəlb edildiyi 54 qruplu Uşaq Gənclər İdman Şahmat Məktəbi və 660 şagirdin cəlb edildiyi 44 qruplu Uşaq Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir.
2020-2021-ci tədris ilinə dair Tədris Planına əsasən məktəblərdə tədrisin distant və əyani formaları nəzərə alınmaqla dərs cədvəllərinin işlənilməsi, dərs məşğələlərinin və fasilələrin müddətinin müəyyənləşdirilməsi, şagirdlərin məktəbə qəbul qaydaları, təhsil verənlərin və 12 yaşdan yuxarı məktəblilərin tibbi maskadan mütləq qaydada istifadə etmələri, məktəbə daxil olan hər bir kəsin bədən hərarətinin yoxlanılması, 12 yaşa qədər məktəblilərin tibbi maskadan istifadəsinə ehtiyac olmaması, dezinfeksiyaedici məhlullardan istifadə və digər məsələlər barəsində təhsil ictimaiyyəti tam şəkildə məlumatlandırılmışdır. Sentyabr ayının 15-dən etibarən ibtidai siniflərdə tədris təşkil edilmiş, oktyabr ayının 1-dən etibarən I-IX siniflərdə tədrisin başlanılması məqsədilə lazımi hazırlıq işləri yekunlaşmış, məktəblərimiz şagirdləri qəbul etməyə tam hazır vəziyyətə gətirilmişdir.
2020-2021-ci dərs ili üçün pandemiya dövrünün tələblərinə uyğun olaraq Fəaliyyət Planı hazırlanmışdır. Sentyabrın 15-dən başlayaraq məktəblərdə tədrisin təşkili, şagirdlərin qəbulu, sinif otaqlarında şagirdlərin yerləşdirilməsi, dezinfeksiyaedici məhlullardan istifadə, müəllimlərin və digər işçilərin tibbi maskalarla işə qoşulmaları və s. məsələlərlə bağlı gündəlik monitorinqlər aparılmışdır.
Pandemiya dövrünün tələblərinə uyğun onlayn dərslərin keçirilməsi, "Virtual dərs" layihəsinə qoşulmanın yolları, teledərslərdən faydalanma və s. tədris üsulları ilə təhsil alanların təhsil ehtiyaclarının ödənilməsi sahəsində müvafiq işlər görülmüşdür.
Pandemiya dövrünün çətinliklərinə baxmayaraq Tovuz rayonunun məzunlarının ali məktəblərə qəbulu daim diqqət mərkəzində olmuşdur.
Cari tədris ilinin məzunlarından 107 nəfəri 500-dən, 23 nəfəri isə 600-dən yuxarı bal toplamışdır ki, bu nəticə ötən tədris illərinin nəticəsindən yüksəkdir.
Vəli VƏLİYEV,
«Respublika».
https://www.respublica-news.az/news/tovuz-tehsilde-urekacan-nailiyyetler