Şriftin ölçüsü :

Saytın rəngi :

Hərbi vətənpərvərlik həftəsinin növbəti tədbiri Tovuzda təşkil olunub

05 noyabr 2016 | 16:00

9 Noyabr Azərbaycan Respublikası Dövlət Bayrağı Günü ərəfəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələrində "Bayrağım - varlığım, bəxtiyarlığım" devizi altında hərbi vətənpərvərlik həftəsinə start verilib.
Həftənin növbəti tədbiri Tovuz şəhərində Heydər Əliyev Meydanında təşkil olunub. Layihənin müəllifi, polkovnik Abdulla Qurbani tədbirdə çıxış edərək hərbi-vətənpərvərlik həftəsinin həm Silahlı Qüvvələrin şəxsi heyətinin, həm də mülki əhalinin bayrağımıza sədaqət ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb etdiyini nəzərə çatdırıb.
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı cənab Tofiq Zeynalov tovuzluların istər Böyük Vətən müharibəsi illərində, istərsə də bu gün Vətənin müdafiəsində göstərdikləri qəhrəmanlıqlardan bəhs edib. Qeyd olunub ki, Tovuz torpağı 3 Sovet İttifaqı Qəhrəmanı, 3 Azərbaycanın Milli Qəhrəmanı yetişdirib. Bununla yanaşı, 300-dən artıq tovuzlu şəhidlik zirvəsinə ucalıb və bu torpaqda böyüyüb boya-başa çatan xeyli sayda hərbi qulluqçu döyüş orden və medalları ilə təltif olunub. Hazırda Silahlı Qüvvələrin bütün qoşun növlərində yüzlərlə tovuzlu gənc xidmət edir, xüsusi təyinatlı təhsil müəssisələrində hərbi peşələrə yiyələnir.
Tədbirdə aprel döyüşləri zamanı yaralanan zabit Eldəniz Sadıqova Azərbaycan Respublikasının Prezidenti adından müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə layiq görüldüyü "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli və "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalları təqdim olunub.
Zabit E.Sadıqov göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirərək bu gün də Ali Baş Komandanın döyüş əmrlərinə hazır olduğunu bəyan edib. Zabitin məktəbli qızı Gülçin atası ilə fəxr etdiyini böyük qürur hissi ilə tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Aprel döyüşlərinin şəhidi Vüsal Alıyevin anası Şahnaz xanım övladının cənazəsi üzərinə sərilmiş bayraqla tədbirə gələrək, bu bayrağın tezliklə işğaldan azad olunmuş torpaqlarımızda dalğalanacağına əminliyini bildirib.
Tovuzlular Azərbaycanın tarixi bayraqları sərgisinə maraqla tamaşa edib, hərbi-vətənpərvərlik ruhlu şeir, mahnı və marşları dinləyiblər. Tovuzun gənc aşıqları "Misri" döyüş havası ilə tədbir iştirakçılarını qələbəyə səsləyiblər.

Keçidlər