Tovuzda vaksinasiya prosesinin gedişi müzakirə edilib
Tovuzda rayon ərazisində vaksinasiya prosesinin gedişinin təhlili və bununla bağlı əhali arasında aparılan təbliğat işlərinin gücləndirilməsi məqsədilə onlayn müşavirə keçirilmişdir.
Müşavirədə diqqətə çatdırılmışdır ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq əhalinin peyvənd olunması prosesi davam edir. Bununla belə, insanların könüllü olaraq vaksinasiyaya getməsi üçün əhali arasında aparılan təbliğat işləri daha da gücləndirilməli və geniş izahat işləri aparılmalıdır. Əhali bilməlidir ki, sentyabrın 1-dən vaksin edilməmiş şəxslərə bir çox qadağalar tətbiq olunacaq. Bu qadağalar vaksin olunmayacağı halda pensiya və müavinət alanlara, həmçinin ünvanlı sosial yardım ödənilən şəxslərə də şamil ediləcək. Eyni zamanda insanlara məlumat verilməlidir ki, vaksin olunmamış şəxslərə dövlət xidmətləri, o cümlədən “ASAN xidmət” mərkəzlərində xidmətlər göstərilməyəcək.
Avqustun 16-dan etibarən isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun qurumlarında, habelə DOST mərkəzlərində vətəndaşların qəbulu və müraciətlərinə baxılması yalnız peyvənd edilmələri barədə təsdiqedici sənəd (COVID-19 pasportu) təqdim etdikləri halda həyata keçiriləcək. Hətta elektron müraciətlər belə, peyvənd pasportuna malik olduqları barədə məlumat daxil edildiyi (o cümlədən ünvanlı dövlət sosial yardımı ilə əlaqədar müraciət zamanı ərizə-bəyannamədə qeyd edildiyi) halda həyata keçiriləcək.
Müşavirədə o da bildirilmişdir ki, vaksinləşmə prosesinin daim diqqətdə saxlanılması və əhalinin ən azı 70 faizinin vaksin olunması üçün bütün resurslardan səmərəli istifadə edilməlidir.
Sabir ƏLİYEV,
“Azərbaycan”