Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda vaksinasiya prosesinin gedişi müzakirə olunub

11 avqust 2021 | 16:00

Rayon ərazisində vaksinasiya prosesinin gedişinin təhlili və bununla bağlı əhali arasında aparılan təbliğat işlərinin gücləndirilməsi məqsədilə onlayın müşavirə keçirilib.

Onlayın müşavirədə RİH başçısı aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri və inzibati ərazi dairələri üzrə nümayəndələr iştirak ediblər.

Müşavirəni rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov açaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq əhalinin peyvənd olunması prosesi uğurla davam etdirilir. Tovuz rayonu üzrə indiyədək 18 yaşdan yuxarı rayon əhalisinin 59340 nəfəri birinci doza, 37096 nəfəri ikinci doza peyvənd olunub. Bununla belə COVİD-19 infeksiyasına qarşı mübarizə tədbirləri sırasında vaksinasiyanın əhəmiyyətini nəzərə alaraq 18 yaşdan yuxarı əks göstəricisi olmayan əhalinin bütün təbəqələrinin peyvənd olunması zəruridir. İnsanların könüllü olaraq vaksinasiyaya getməsi üçün əhali arasında aparılan təbliğat işləri daha da gücləndirilməli və geniş izahat işləri aparılmalıdır.

İnsanlar bilməlidir ki, 2021-ci il sentyabr ayının 1-dən vaksin olunmamış şəxslər üçün bir çox qadağalar tətbiq olunacaqdır. Bu dadağalar eyni zamanda vaksin olunmayacağı təqdirdə pensiya və müavinat alanlar, həmçinin ünvanlı sosial yardım ödənilən şəxslərə də şamil ediləcəkdir. Eyni zamanda insanlara məlumat verilməlidir ki, vaksin olunmamış şəxslərə dövlət xidmətlərinin, o cümlədən “ASAN” xidmət mərkəzlərində xidmətlərin göstərilməsindən imtina ediləcəkdir. Bu barədə əhalini xəbərdar etmək icra nümayəndələrinə tapşırılır.

Avqustun 16-dan etibarən isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və onun qurumlarının qəbul mərkəzlərində, habelə DOST mərkəzlərində vətəndaşların qəbulu və müraciətlərinə baxılması yalnız peyvənd edilmələri barədə təsdiqedici sənəd (COVID-19 pasportu) təqdim etdikləri halda həyata keçiriləcək. Hətta elektron müraciətlər belə peyvənd pasportuna malik olduqları barədə məlumat daxil edildiyi (o cümlədən ünvanlı dövlət sosial yardımı ilə əlaqədar müraciət zamanı ərizə-bəyannamədə qeyd edildiyi) halda həyata keçiriləcək.

Vaksinləşmə prosesinin daim diqqətdə saxlanılması və əhalinin 70 faizinin vaksin olunması üçün bütün resurslardan səmərəli istifadə olunmalıdır. 

Onlayın müşavirədə müzakirələrə qoşulan RİH başçısının Qovlar şəhər, Böyük Qışlaq, Qəribli, Çatax, Əsrik Cırdaxan kənd İƏD üzrə nümayəndələri yerlərdə əhalinin vaksinasiyaya cəlb olunması vəziyyəti, DSMF 20 saylı regional ərazi filialının, Sosial Xidmətlər Agentliyinin 27 saylı filialının, Dövlət Məşğulluq Agentliyinin 22 saylı ərazi məşğulluq mərkəzinin nümayəndələri bundan sonra əhaliyə göstərilən xidmətlərlə əlaqədar tətbiq olunacaq qaydalar, Tovuz Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin və Gigiyena və Epidemologiya mərkəzinin rəhbərləri vaksinasiyanın təşkili barədə məlumat veriblər.

Videomüşavirəni RİH başçısı Məmməd Məmmədov yekunlaşdırmış və xüsusi karantin rejiminin tələblərinə ciddi riayət olunması və vaksinasiya prosesinin sürətləndirilməsi ilə bağlı tapşırıqların icrasının nəzarətdə saxlanıldığını diqqətə çatdırmışdır.

 

Keçidlər