Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Tovuzda vətəndaşları qəbul edib
Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov noyabrın 3-də Tovuz şəhər Heydər Əliyev Mərkəzində Tovuz, Şəmkir, Ağstafa və Qazax rayonlarında yaşayan vətəndaşları qəbul etmişdir.
Qəbuldan əvvəl Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov və Tovuz rayon İcra hakimiyyətinin başçısı Tofiq Zeynalov ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Qəbul zamanı ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, geologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı vətəndaşların şikayət və təklifləri dinlənilib, müraciətlərə baxılıb.
Nazir vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.