Tovuzda ehtiyata buraxılmış hərbi qulluqçuların qarşılanması və çağırışçılar hərbi xidmətə yola salınması mərasimi keçirilib
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il iyulun 1-dən 31-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” 17 iyun 2021-ci il tarixli Sərəncamına uyğun olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların qarşılanması və çağırışçıların təntənəli qaydada hərbi xidmətə yola salınması mərasimi keçirilib.
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, rayon ictimaiyyətinin nümayəndələri və çağırışçılar əvvəlcə Tovuz şəhər mədəniyyət və istirahət parkında Ulu Öndər Heydər Əliyein abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Ehtiyata buraxılmış hərbi qulluqçular və çağırıçılar Tovuz şəhərindəki Şəhidlər Xiyabanına gələrək Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin məzarlarını ziyarət ediblər.
Tədbir iştirakçıları sonra Dövlət Rəmzləri Muzeyində nümayiş etdirilən eksponatlarla tanış olublar.
Sonra Tovuz regional "ASAN xidmət" mərkəzinin ASAN hərbi vətənpərvərlik mərkəzində, açıq hava şəraitində tədbir davam etdirilib. Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə RİH başçısı Məmməd Məmmədov çıxış edib. Qeyd olunub ki, bu günki tədbirimiz çox əlamətdar bir dövrdə baş verir. Biz həm hərbi xidmətdən qayıdan hərbi qulluqçularımızı Qələbə əhval ruhiyyəsi ilə qarşılayır, həm də hərbi xidmətə yola salınan çağırışçılarımızı qalib Ordunun sıralarına göndəririk.
Vətən müharibəsində iştirak edən hər bir əsgərimiz, hər bir zabitimiz misli görünməmiş qəhrəmanlıq nümunəsi göstərdi. Sizlərin şücaəti nəticəsində nəhayət Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu. Siz haqq işi uğrunda müharibə apararaq otuz illik işğaldan sonra tarixi Azərbaycan torpaqlarını yağı düşməndən azad etdiniz. 44 günlük Vətən Müharibəsində əldə olunan tarixi Qələbə bizim milli qürur mənbəyimiz, çox şərəfli tariximizdir. Bu Zəfəri xalqımıza yaşadan Müzəffər Ali Baş Komandan və rəşadətli Azərbaycan Ordusudur, həmçinin Sizlərsiniz.
44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə yüksələn igid oğullarımızın xatirəsini çox böyük ehtiramla anırıq. Şəhidlər ölməzdir və xalqımızın yaddaşında əbədi yaşayacaqlar.
Bu gün siz Vətən qarçısında öz müqəddəs borcunuzu şərəflə yerinə yetirərək evinizə dönürsünüz. Siz bundan sonra da cəmiyyətimizdə alnı açıq, üzü ağ yaşayacaqsınız. Bildiyiniz kimi ölkəmizdə möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinin, qazilərin, müharibə iştirakşılarının bütün qayğılarını diqqət mərkəzində saxlayır. Onların sağlamlığı, sosial müdafiəsi, məşğulluğu və mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mükəmməl dövlət siyasəti həyata keçirilir.
Eyni zamanda igid döyüşçülərimizin keçdiyi döyüş yolu öyrənilir və onlar göstərdikləri şücaətlərə görə qiymətləndirilir, təltif olunurlar. Vətən müharibəsində döyüş tapşırıqlarının yerinə yetirilməsində xüsusi cəsurluq və igidlik göstərdiklərinə görə Sizin sıralarınızda da dövlət təltiflərinə layiq görülənlər var. Bu bizim üçün çox qürurvericidir və Sizinlə fəxr edirik. Müzəffər Ali Baş Komandanımızı və şanlı Azərbaycan Ordusunu alqışlayırıq.
Eyni zamanda bu gün hərbi xidmətə yollanan gənclərimizlə görüşürük. Onların da hər birini salamlayırıq və Vətənə xidmətdə uğurlar arzulayırıq. İkinci Qarabağ müharibəsində iştirak edən və Vətən uğrunda canından keçən şəhidlərimizin, sağlamlığını itirən qazilərimizin, şərəfli döyüş yolu keçən əsgərlərimizin həyat yolu Sizlər üçün örnək olmalıdır və əminik ki, belə də olacaqdır.
Bildiyiniz kimi, Tovuzda gənclərin hərbi vətənpərvərlik tərbiyəsi, onların hərbi məktəblərdə təhsil alması, hər an Vətənin müdafiəsinə hazır olması istiqamətində davamlı işlər aparılır. Yüzlərlə tovuzlu Ordu sıralarında mətinliklə xidmət edir. Keçən ilin iyul ayında dövlət sərhəddinin Tovuz rayonu istiqamətində düşmən təxribatının qarşısının alınmasında aparılan əməliyyatlarda biz Azərbaycan ordusunun şücaətinin, gənclərimizin Vətən sevgisinin və möhtəşəm xalq-iqtidar-ordu birliyinin canlı şahidi olduq. Məhz Tovuzdan başlayan qığılcım Zəfərlə başa çatdı və tarixi torpaqlarımız 30 illik işğaldan azad olundu.
Azərbaycan əsgəri həmişə Vətənin müdafiəsinə hazır olmalı, yüksək döyüş qabiliyyətinə malik olmalıdır. Çünki biz məkrli düşmənlə üz-üzəyik və həmişə üstünlüyümüzü saxlamalıyıq. Əminik ki, bu belə də olacaqdır. Hamınıza uğurlar arzulayıram. Sağ gedib, salamat qayıdasınız.
Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin rəisi Ceyhun Əliyev və Tovuz regional “ASAN xidmət” mərkəzinin direktoru Güntək Məmmədov çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharətindən, 44 günlük Vətən Müharibəsində əldə olunmuş tarixi Qələbədən, Azərbaycan Ordusunun hərbi qüdrətindən və rəşadətindən danışmış, Ordu sıralarından təxris olunan hərbi qulluqçuları salamlamış və çağırışçı gənclərə vətənə sədaqətlə xidmət etməyi, mərd və mübariz, intizamlı əsgər olmağı tövsiyyə etmiş, xoş arzularını bildirmişlər.
Daha sonra tədbirdə şəhid atası Aydın Nəsibov, qazi Şirxan Hümmətov, çağırışçı Həsənzadə İsmayıl çıxış edərək Vətənin bütün dəyərlərdən üstün olduğunu, onun qorunmasının hər birimizin müqəddəs borcu olduğunu, torpaqlarımızın qorunmasının gənc nəslə əmanət olunduğunu qeyd etmiş və çağırışçılara uğurlar arzulamışlar.
Tədbirdə şəhid valideyinlərinin və qazilərin bir qrupuna hərbi vətənpərvərlik təbliğatında xidmətlərinə görə plaketlər təqdim olunub. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə təltif olunmuş və ehtiyata buraxılmış hərbi qulluqçulara medallar, hərbi biletlər və qiymətli hədiyələr təqdim olunub. Ehtiyata buraxılmış hərbi qulluqçular sonuncu əsgər maaşını “YAŞAT” fonduna ianə ediblər.
Tədbir əyləncəli musiqi proqramı ilə davam edib.
Sonda çağırışçılar Azərbaycan bayrağının altından keçərək hərbi hissələrə yola düşüblər.