Tovuzda kənd təsərrüfatı məhsulları istehsalı artır
Cari ilin ötən dövrü ərzində bu artım 8 faizə yaxın olub
Ölkəmizin inkişafını davam etdirmək üçün çoxsaylı proqramlar qəbul olunub. Onlardan ən önəmlisi regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarıdır. Həmin proqramların icrası sayəsində bölgələrimiz sürətlə inkişaf etməyə başlamış, əhalinin həyat tərzi yaxşılaşmış, şəhər və kəndlərmizin siması başdan-başa dəyişmişdir. Tovuz da belə rayonlardandır. Düşmənlə üz-üzə dayanan rayon sakinləri gecəni gündüzə qataraq yorulmaq bilmədən çalışır və bununla həm maddi vəziyyətlərini yaxşılaşdırır, həm də Tovuzun sosial-iqtisadı inkişafını təmin edirlər. Bunu cari ildə əldə olunmuş göstəricilərdə də görmək olar. Belə ki, ilin əvvəlindən ötən dövr ərzində rayon üzrə kənd təsərrüfatı məhsulları istehsalının ümumi həcmi 7,8 faiz artaraq 156 milyon 332 min manat olmuşdur. Keçən illə müqayisədə payızlıq və yazlıq dənli bitkilər 4,9, kartof 8,3, tərəvəz 4,9, bostan bitkiləri 2,7, meyvə 2,3, üzüm 1,5 faiz çox istehsal edilmişdir. Xüsusilə bol kartof yetişdirilmişdir. Onun saxlanması üçün hər birinin tutumu 3000 ton olan iki soyuducu kamera inşa edilmişdir. İstehsal olunan kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxarılması istiqamətində də məqsədyönlü işlər həyata keçirilir. İndiyədək 3 min tondan çox yerkökü, 1535 ton pomidor və xiyar, 1000 ton meyvə və giləmeyvə xarici ölkələrə ixrac olunmuşdur. Rayonda taxılçılığın inkişaf etdirilməsinə xüsusi fikir verilir. Nəticədə bu mövsüm payızlıq dənli bitkilərin əkin sahəsi 10329 hektar təşkil etmiş, hər hektardan 31,9 sentner məhsul götürülmüşdür ki, bu da əvvəlki ildən 1553 ton çoxdur. Fiziki şəxslər tərəfindən 315 ton yüksək reproduksiyalı toxum yetişdirilərək fermerlərə satılmışdır. İqtisadi cəhətdən sərfəli olan şəkər çuğundurunun istehsalını artırmaq üçün də əkin sahələri xeyli genişləndirilmiş, İmişli şəkər zavoduna 250 ton məhsul təhvil verilmişdir. Hazırda məhsul yığımı davam edir. Tovuz rayonu üçün ənənəvi olan barama və tütün istehsalında da ciddi artım qeydə alınmışdır. Hazırda bu gəlirli sahələrin daha da inkişaf etdirilməsi üçün müxtəlif tədbirlər həyata keçirilir. Belə ki, rayonda çəkil ağacları əkininə başlanılmışdır. Tütün istehsalının artırılması da diqqət mərkəzindədir. Bu il 1270 kiloqram quru tütün istehsal edən rayon sakinləri ölkəyə valyuta gətirən məhsul kimi onun da əkin sahələrinin artırılmasını nəzərdə tutmuşlar. Heyvandarlığın inkişaf etdirilməsinə maraq göstərən rayon sakinləri bu sahədə daim uğurlu nəicələrə nail olurlar. Hazırda Tovuzda 45,3 min baş qaramal, 22,7 min başdan çox davar var ki, bu da keçən ilə nisbətən xeyli çoxdur. Məhz buna görə keçən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,7, süd istehsalı 2,6, yumurta istehsalı 3,5, yun istehsalı 2 faiz artmışdır. Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədilə bu il lizinq yolu ilə rayona 24 baş düyə gətirilmiş, 466 baş heyvan süni mayalandırılmış, onlardan 240 baş bala alınmış, rayondakı ümumi heyvanların tərkibində cins heyvanların xüsusi çəkisi 15 faizə çatmışdır. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin sentyabr ayında keçirilən iclasında üzümçülüyün inkişafı ilə bağlı verdiyi tövsiyələr tovuzlularda bu gəlirli sahəyə marağı daha da artırmışdır. Hazırda rayonda üzüm bağlarını genişləndirilmək üçün hazırlıq işlərinə başlanılmışdır. Məqsəd gələn il üzüm plantasiyalarının sahəsini 1000, 2018-ci ildə isə 3000 hektara çatdırmaqdır. Bunun üçün 200 mindən çox ting yetişdirilmişdir. Üzümün Rusiya bazarlarına çıxarılması istiqamətində tədbirlər görülür. Bundan başqa, şərab ixracı istiqamətində də işlərə başlanılmışdır. Rayondakı “Naiqin-Ko” Baltiya MMC tərəfindən bu il xaricə 300 dekalitr konyak, 700 dekalitr şərab satılmışdır.Rayonda əkin sahələrinin su təminatının yaxşılaşdırılması da yaddan çıxmır. Bunun üçün meliorasiya və irriqasiya işlərinə ciddi diqqət yetirilir. Artıq Tovuzçay su anbarının tikintisi başa çatmışdır ki, bununla da 20 min hektar ərazinin su təminatı yaxşılaşmışdır. Hazırda Tovuzçay su anbarı vasitəsilə Ağdağ ərazisinin fasiləsiz suvarma suyu ilə təmin olunması üçün işlər görülür. Bundan başqa, bu il 12 subartezian quyusu qazılaraq istifadəyə verilmişdir. İlin sonunadək daha 6 quyunun qazılması nəzərdə tutulur.Rayonda ekoloji tədbirlərin həyata keçirilməsi, yaşıllıqların salınması işləri ilə əlaqədar tədbirlər də davam edir. Təkcə bu il 46 hektar ərazidə yeni meşələr salınmış, park və xiyabanlarda müxtəlif növ ağac və gül kolları əkilmişdir. Bu rəqəmin ilin sonunadək 90 hektara çatdırılması gözlənilir.İqtisadiyyatın özəl sektoruna yönəldilən vəsaitin artırılması qarşıya qoyulan əsas vəzifələrdəndir. Təkcə bu il Sahibkarlığa Kömək Milli Fondu tərəfindən hüquqi və fiziki şəxslərə 9 layihə üzrə 101 min 800 manat güzəştli kredit verilmişdir. Bu vəsaitin 51 faizi kənd təsərrüfatına, 12 faizi ticarət və nəqliyyat xidmətlərinə, 5 faizi tikintiyə, qalanları isə digər sahələrə ayrılmışdır.Abadlıq və quruculuq işləri də davam edir. Tovuz və Qovlar şəhərlərində küçələr və parklarda yenidənqurma işləri həyata keçirilir, əsas küçələrdə olan hasarlara aqlay və qaya daşlarından dekorativ üzlüklər vurulur, yollar və çoxmərtəbəli binalar təmir edilir, həyətlər abadlaşdırılır. Qovlar-Əyyublu-Alakol avtomobil yolunun 15 kilometrlik hissəsində tikinti işləri isə başa çatmışdır.
S.ƏLİYEV,
A.MƏMMƏDOV (foto)
“Azərbaycan”