Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün şəhid baş gizir Yusifov Mehman Musa oğlunun doğum günüdür.

18 iyul 2021 | 16:00

 

Tovuz rayon İcra Hakimiyyəti başçısı aparatının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Tovuz rayonu şöbəsinin məsul əməkdaşları, rayon ictimaiyyətin nümayəndələri və şəhidin ailəsi Bayramlı kənd qəbiristanlığına gələrək şəhid baş gizir Yusifov Mehman Musa oğlunun əziz xatirəsini ehtiramla yad etmək üçün məzarını ziyarət etmiş, məzarı önünə gül dəstələri qoymuşlar.

Baş gizir Yusifov Mehman Musa oğlu 18 iyul 1979-cu ildə Tovuz rayonunun Bayramlı kəndində anadan olub. 1985-1996-cı illərdə Tovuz rayonunda E. Orucov adına Bayramlı kənd tam orta məktəbində təhsil alıb.

Mehman Yusifov 1998-2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2002-ci ildən isə artıq Xüsusi Təyinatlı Qüvvələrdə gizir idi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində iştirak edib.

Azərbaycan Ordusunun baş giziri olan Mehman Yusifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mehman Yusifov oktyabrın 5-də Cəbrayıl döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə, qəhrəmanlıq nümunəsinə, şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə baş gizir Yusifov Mehman Musa oğlu ölümündən sonra  "Qarabağ" ordeni ilə,"Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Bu gün şəhid Yusifov Mehman Musa oğlu ölümündən sonra təltif olunduğu “Qarabağ” ordeni ailəsinə təqdim olundu.

Şəhidin 3 övladı, Məhəmməd və Süleyman adında oğulları, Fatimə adında isə qızı yadigar qaldı.

Allah Şəhidlərimizə rəhmət eləsin.

 

Keçidlər