Tovuzlular Azərbaycanın Milli Qəhrəmanları general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin, Tovuz döyüşləri şəhidlərinin xatirəsini ehtiramla yad edir.
2020-ci ilin iyulun 12-dən başlayaraq Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi kobud şəkildə pozaraq Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini atəşə tutub. Düşmən dövlət sərhədində irimiqyaslı təxribata əl atıb.
Tovuz döyüşlərinin ilk günündə düşmən təxribatının qarşısı alınarkən Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu - çavuş Vüqar Sadıqov, baş əsgər Elşad Məmmədov, əsgər Xəyyam Daşdəmirov şəhidlik zirvəsinə yüksəlib, daha 5 nəfər yaralanıb. Yaralı əsgərlərdən biri daha sonra aldığı xəsarətlərdən dünyasını dəyişib.
Döyüşlər zamanı Azərbaycan Ordusunun dəqiq atəşi ilə qarşı tərəfin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.
Ermənistanın hücumları nəticəsində rayonun Ağdam kənd sakini, 76 yaşlı Əziz Əzizov qətlə yetirilib.Ağdam, Vahidli, Dondar Quşçu, Aşağı Öysüzlü, Yuxarı Öysüzlü və Əlibəyli kəndlərində çoxlu sayda yaşayış evlərinə, sosial infrastruktura,vətəndaşların əmlakına ciddi ziyan vurulub.
Döyüşlərin üçüncü günündə düşmənin təxribat xarakterli hücumunun qarşısını alarkən Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev və həmçinin 5 hərbi qulluqçumuz şəhid olub.
Tovuz döyüşləri Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşdı. Hərbi qələbəmizi qeyd etmək üçün minlərlə insan küçələrə çıxdı, dövlətə, orduya dəstək göstərdilər.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu öz gücünü 2020-ci il sentyabr ayının 27-dən başlayan 44 günlük Vətən müharibəsində bir daha göstərdi. Şanlı Ordumuz düşmənin silahlı qüvvələrini darmadağın edərək torpaqlarımızı işğaldan azad etdi və Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bununla da tarixi ədalət yerini tapdı, əzəli Azərbaycan torpaqları öz sahibinə qaytarıldı.
Azərbaycanın Zəfər tarixinin başlanğıcı hesab olunan Tovuz döyüşlərində Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu - general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, çavuş Vüqar Sadıqov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, baş əsgər Elşad Məmmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Elçin Mustafazadə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Nazim İsmalıyov və əsgər Xəyyam Daşdəmirov qəhrəmancasına şəhid olub.
Tovuz hadisələri zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən xüsusi qəhrəmanlıq göstərdiklərinə görə general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölümdən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşlər.
Tovuzlular Azərbaycanın Milli Qəhrəmanları general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin, Tovuz döyüşləri şəhidlərinin xatirəsini ehtiramla yad edir,şəhidlərimizin ruhu qarşısında baş əyir və Allahdan bütün şəhidlərimizə rəhmət diləyirlər.