Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev: Azərbaycanın müstəqillik simvolu

14 iyul 2021 | 16:00

 

Siyasi hakimiyyətə gəlməsinin 52-ci ili tamam olan Ulu öndərimizin ictimai-siyasi obrazı artıq tarix üçün inkaredilməz faktdır. O, öz iradəsini və xarakterini çoxdan tarixin quruculuq səhifəsinə diqtə etmiş əzəmətli, qlobal miqyaslı şəxsiyyətlərdəndir. Müasir dövrdə Heydər Əliyev haqqında  söz demək tariximizin haqqında danışmaq deməkdir.

Görkəmli politoqlardan birinin dediyi kimi, tarix keçmiş siyasətdir. Siyasət isə hazırkı tarixdir. Bu baxımdan Heydər Əliyev həm müasir siyasətimiz, həm də hazırkı tariximizdir. O bizim çağdaş siyasi tariximizin həm yaradıcısı, həm də baş qəhrəmanıdır.

Heydər Əliyev öz zəmanəsinin qaliblərindən biri olmaqla dünyanın görkəmli siyasi korifeyləri səviyyəsinə yüksəlmişdir. Azərbaycan xalqına mənsub olan bu unikal insan hələ lazımınca öyrənilməmişdir.

Onun müasiri kimi bizə elə gəlir ki, Heydər Əliyevi kifayət qədər tanıyırıq. Onun tərcümeyi-halını xronoloji aspektdən əzbər bilmək hələ onu tanımaq deyil. Əliyevçilik faktorunun nədən ibarət olması, Ulu Öndərin böyüklüyünün sirri, onun parlaq şəxsiyyətinin cazibə qüvvəsi və ecazkarlığı dürüst elmi cavablarını gözləyir. Onun diplomatiyası, düşüncə və təhlil çevikliyi, səmərəli qərarvermə qabiliyyəti, maneraları, iradə qüvvəsi və sair çox saylı məziyyətləri geniş təhlilə cəlb olunmalı məsələlərdir.

Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi sadəcə olaraq bir respublikaya rəhbər dəyişikliyinin həyata keçirilməsi missiyası ilə tamamlanan tarixi hadisə deyildi, bu daha böyük bir yanaşmanın özünəməxsus ifadəsi idi.

O zaman keçmiş ittifaqda yaranmış ənənəyə görə xüsusi partiya elitası formalaşmışdı ki, respublikalara rəhbərlik edilməsi missiyası bu insanların içərisindən seçilmiş insanlara həvalə edilirdi. Digər sahələrdən, o cümlədən hüquq-mühafizə, təhlükəsizlik orqanlarından partiyaya, ölkə rəhbərliyinə gətirilmək praktikası demək olar ki, tətbiq edilmirdi.

Heydər Əliyev isə 1969-cu ildə Azərbaycanın Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsində işləyirdi. Bu mənada Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gətirilməsi əslində yeni bir yanaşmanın, yeni bir praktikanın sınaqdan keçirilməsi kimi qiymətləndirilə bilər. Bundan başqa səbəbi təbii ki, Heydər Əliyevin müstəsna şəxsi keyfiyyətləri ilə bağlı idi. Heydər Əliyev Azərbaycana rəhbərlik etmək iqtidarında olmasını əvvəlki vəzifələrdə işləməsi ilə kifayət qədər sübut etmişdi.

Lakin,  Azərbaycanın müasir tarixində bu hadisənin əhəmiyyəti ondan ibarət idi ki, Heydər Əliyevin Azərbaycan rəhbərliyinə seçilməsi ölkəmizin o illərdə yaşadığı ağır iqtisadi və mənəvi-psixoloji durumun qısa zamanda aradan qaldırılmasına ciddi əsaslar yaratmış oldu.   1960-cı illərdə Azərbaycan iqtisadi cəhəttən tənəzzül dövrünü yaşayırdı. Eyni zamanda, bir sıra mənəvi-psixoloji narahatlıq yaradan durum mövcud idi.

Bunların hamısı Heydər Əliyevin Azərbaycan rəhbərliyinə seçilməsinin labüdlüyünü şərtləndirirdi. Ulu Öndər Heydər Əliyev öz şəxsi keyfiyyətlərindən irəli gələrək, vəziyyətin dəyişdirilməsi istiqamətində ciddi addımlar atdı. Çox qısa zamanda Azərbaycan iqtisadiyyatının tənəzzülünün qarşısı alındı, iqtisadiyyatda artım müşahidə olunmağa başladı.

O zaman SSRİ miqyasında 15 republika içərisində öz göstəricilərinə görə ən geridə olan Azərbaycan bir neçə ildən sonra ən dinamik inkişaf edən respublikaya çevrildi. Rusiya Federasiyasından sonra ittifaq büdcəsindən dotasiya almadan yaşayan 2 respublikadan biri oldu. Müdrik şəxsiyyət yaxşı bilirdi ki, hər bir millətin siyasi müstəqilliyini şərtləndirən əsas amil onun iqtisadi azadlığıdır.

Azərbaycan ərazi baxımından kiçik olmasına baxmayaraq, kənd təsərrüfatının inkişafına görə ən yüksək göstəricilərə nail oldu. On ildə məhsul istehsalı 2.7 dəfə artmışdı. Milli gəlir 2.5 dəfə çoxalmışdı. Sənaye istehsalı 2.7 dəfə artmışdı ki, bu da əvvəlki 30 ildə buraxılan məhsulun həcmindən iki dəfə çox idi. İqtisadiyyata əvvəlki 50 ildəkindən 1.4 dəfə çox kapital qoyulmuşdu.

Ümummilli liderimizin hakimiyyətinin birinci dönəmində Azərbaycanın elmi, intellektual potensialı əhəmiyyətli dərəcədə yüksəldi.  Azərbaycanda bir neçə ali məktəblər yarandı. Bununla yanaşı çoxlu sayda Azərbaycan gəncləri keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərildi.

Bu yolla iki məqsədə nail  olunurdu. Həm Azərbacanın yeni kadr potensialı formalaşdırılır, həm də istedadlı gənclərimiz xalqımızın mədəniyyətini, milli-əxlaqi dəyərlərini təbliğ etməklə Azərbaycan haqqında ona layiq olan rəy və təsəvvür formalaşdırırdılar. Həmin gənclərin bir hissəsi təhsil aldıqları yerlərdə qalıb işləmiş və hazırda keçmiş sovet məkanındakı Azərbaycan diasporunun özəyini təşkil edirlər.

  Ulu Öndərin respublikamıza rəhbərliyinin birinci dövründəki xidmətlərindən danışarkən onun gələcək müstəqilliyimizə hədəflənmiş daha bir fəaliyyətini xüsusi vurğulamaq lazım gəlir. Bu bütün maneə və çətinliklərə baxmayaraq Cəmşid Naxçıvanski adına ixtisaslaşmış məktəbin açılması idi.

Ümummilli Lider Heydər Əliyev 1982-ci ildən etibarən SSRİ-nin rəhbərlərindən biri olduğu dövrdə də respublikamıza daim qayğı göstərirdi. Bu illərdə Azərbaycan özünün inkişafı üçün mümkün olan bütün imkan və vasitələrdən bəhrələnirdi.

Heydər Əliyevin həm Azərbaycan,  həm də ittifaq rəhbərliyində fəaliyyəti yalnız həmin dövr üçün xarakterik deyildi. Bu Azərbaycanın gələcək, müstəqillik dövrünün tarixində də əhəmiyyətli rolunu oynadı. Tarixi paralellik fonunda bu reallığı da xüsusi qeyd etməliyik ki, Heydər Əliyev Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra ölkəmizi həmin dövrün faciələrindən qurtarmaq üçün yenə də xalq tərəfindən hakimiyyətə dəvət olundu. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadiyyatının inkişaf etdirilməsi Heydər Əliyevin yerinə yetirdiyi tarixi missiya oldu. Bunlarla yanaşı, Heydər Əliyevin 1970-ci illərdə Azərbaycanda yaratdığı böyük potensial sonrakı inkişaf üçün möhkəm baza oldu.

  Bu gün də Heydər Əliyev siyasəti Azərbaycanda uyğurla həyata keçirilir.  Dövlətimizin başçısı İlham Əliyev Heydər Əliyevin müəyyənləşdirdiyi əsas strateji kursu uğurla davam etdirir.

Möhtərəm Prezidentimiz İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, bu gün Azərbaycan Heydər Əliyev siyasəti əsasında inkişaf edir, bu siyasətin prinsipləri əsasında yaşayır.

Bu prinsiplər əsasında hazırda Azərbaycan uğurlu siyasətini həyata keçirir, Azərbaycan müasir dünyanın ən uğurlu gənc dövlətlərindən birinə çevrilib.

Bu prinsiplər əsasında Azərbaycan özünün ərazi bütövlüyünü təmin etdi. 44 günlük Vətən müharibəsində əldə olunan  tarixi Zəfəri ilə bölgədə və dünyada yeni reallıqlar yaratdı.

Bu prinsiplər əsasında Azərbaycan özünün parlaq və işıqlı gələcəyini təmin edir. Bunun təminatçısı müstəqilliyimizin simvolu olan Böyük Heydər Əliyevdir. Onun ideyalarının xalqımızı daha xoşbəxt gələcəyə apardığına inanırıq.


 

Keçidlər