İslahatların nəticələri regionlarda daha aydın hiss olunur
Həyata keçirilən iqtisadi islahatlar Tovuz rayonunun da sosial-iqtisadi inkişafına dinamik xarakter verib. Rayon mərkəzi ilə yanaşı, kənd və qəsəbələrdə yenidənqurma, tikinti-quruculuq və abadlıq işləri aparılır, infrastruktur layihələri həyata keçirilir, yeni istehsal müəssisələri istifadəyə verilir, sahibkarlıq inkişaf edir. Qazanılan nailiyyətlər bölgələrin inkişafına göstərilən diqqət və qayğının, o cümlədən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının yerinə yetirilməsinin nəticəsidir.
Rayonun iqtisadiyyatında əkinçilik və heyvandarlıq aparıcı rol oynasa da, son illər kənd təsərrüfatının başqa sahələri də inkişaf etdirilir. Kartofçuluq, taxılçılıq, üzümçülük, tütünçülük və digər kənd təsərrüfatı bitkilərinin əkin sahələri genişləndirilir, idxalı əvəz edən yerli istehsala daha çox diqqət verilir. Məsələn, cari ilin məhsulu üçün 26439 hektar sahədə əkin aparılıb ki, bu da keçən illə müqayisədə 1287 hektar çoxdur. Ötən illə müqayisədə kartof 529, dənli bitkilər 439 hektar, yem bitkiləri 38 hektar artıb. İlk dəfə 20 hektarda tütün, 110 hektarda şəkər çuğunduru əkilib.
Kənd təsərrüfatı, emal və xidmət obyektlərinin genişləndirilməsi, qida və sənaye məhsulları istehsalına yönəldilən investisiyalar həm rayon iqtisadiyyatının genişləndirilməsinə, həm də yeni iş yerlərinin yaradılmasına səbəb olur. Bu il 9810 hektar buğda, 515 hektar arpa sahələrindən 31588 ton məhsul əldə edilib. Rayonda ənənəvi sahə olan üzümçülüyün inkişafı, onun daxili və xarici bazarlara çıxarılması, ölkəyə daha çox valyuta gətirilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Hazırda mövcud olan 700 hektara yaxın üzüm bağlarının 2018-ci ilədək 3000 hektara çatdırılması məqsədilə tədbirlər görülür. Bu gəlirli sahəni daha da genişləndirmək məqsədilə rayonun müxtəlif kəndlərində 30 hektar üzüm bağı salmaq üçün 90000 ədəd ting yetişdirilir.
Torpağı aqrotexniki qaydalar əsasında becərməklə ondan maksimum gəlir əldə etmək bacarığına yiyələnən fermer təsərrüfatlarının sahibləri cari ilin ötən dövrü ərzində yüksək məhsuldarlığa nail olmuşlar. Hazırda məhsul yığımı davam edir və fermerlər yetişdirdikləri məhsulları vaxtında yığıb satmaq üçün var qüvvələri ilə çalışırlar. Yeri gəlmişkən, bu il Tovuzdan Rusiya Federasiyasına 3000 tondan çox yerkökü ixrac edilmişdir.
Fermerlər istixanaların yaradılmasına da üstünlük verirlər. Rayonun Əlimərdanlı, Bozalqanlı, Düz Qırıqlı, Dönük Qırıqlı, Əyyublu, Alakol və digər kəndlərində yaradılan istixanalar hər il təsərrüfat sahiblərinə xeyli gəlir gətirir.
Bu il rayon üzrə 8197 hektarda kartof əkilmişdir. Havaların əlverişsiz keçməsinə baxmayaraq, bol məhsul yetişmişdir. Hazırda yığım gedir. Məhsulun bir hissəsi daxili və xarici bazarlara çıxarılır, bir hissəsi qışda satmaq üçün soyuducu anbarlara yığılır.
Rayonda əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi, meliorativ tədbirlərin həyata keçirilməsi sahəsində fermerlərə hər cür kömək göstərilir. Bu işdə fevral ayında dövlət başçısı İlham Əliyevin iştirakı ilə istifadəyə verilmiş “Tovuzçay” dəryaçası böyük əhəmiyyət daşıyır. Bundan başqa, cari ildə rayon ərazisində 6 subartezian quyusu istifadəyə verilib.
Baramaçılığın inkişafı ilə bağlı respublikada irəli sürülən təşəbbüsə qoşulan tovuzlular bu sahənin inkişafı üçün də əməli işlər görürlər. İlk addım kimi bu il 1514 kiloqram barama istehsal edilmişdir.
Tovuzda tütünçülüyün inkişafına da maraq xeyli artıb. Cari ildə 20 hektarda tütün şitili basdırılmışdır. Yaz və yay aylarında havaların sərt və yağmurlu keçməsinə baxmayaraq, tütünçülər aqrotexniki tədbirləri vaxtlı-vaxtında apararaq bol məhsul yetişdirmişlər. Hazırda plantasiyalarda tütün yarpağının yığımı davam edir, onun qurudulması üçün təsərrüfatlarda xüsusi yerlər yaradılıb.
Rayonda heyvandarlıq da ənənəvi sahələrdəndir. Artıq xaricdən lizinq yolu ilə alınmış damazlıq inəklərin rayonda üçüncü nəsli yetişmişdir. Heyvandarlar mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində başladıqları işi davam etdirirlər. Bu hesaba heyvanların cins tərkibi xeyli yaxşılaşmışdır. Yeni doğulan hər baş cins buzova görə dövlət tərəfindən ödənilən 100 manat subsidiya heyvandarlıqla məşğul olan təsərrüfat sahiblərini daha da ruhlandırmışdır.
Bir sözlə, həyata keçirilən islahatlar Tovuz rayonunun da sürətli inkişafını təmin edir. Xüsusilə intensiv metodlardan istifadə etməklə güclü aqrar-sənaye komplekslərinin yaradılmasında qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilir.