Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda tütünqurutma məntəqəsinin açılış mərasimi keçirilib

10 iyul 2021 | 16:00

Bu gün Tovuz rayonunun Dönük Qırıqlı kəndində tütünqurutma məntəqəsinin açılış mərasimi keçirilib. Açılış mərasimində Tovuz RİH başçısı Məmməd Məmmədov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, “TET İnternational Development” şirkətinin direktoru Taro Savada, sahibkarlar, məntəqənin əmək kollektivi və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

İlk öncə tütünqurutma məntəqəsi haqqında tədbir iştirakçılarına məlumat verilib.  Açılış mərasimində çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov qonaqları salamlayaraq qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə qeyri-neft sektorunun dinamik inkişafı və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində qısa müddət ərzində kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafında mühüm irəliləyişlər əldə olunmuşdur. Cənab Prezident “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı” təsdiq olunması barədə Sərəncam imzalamışdır. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planınına uyğun olaraq istehsal olunmuş tütün məhsullarının tədarükü, saxlanılması və emalının təşkili məqsədilə Tovuz rayonunda tütünqurutma məntəqəsinin yaradılması nəzərdə tutulmuşdur.

İndiyədək rayonda tütünqurutma məntəqəsi olmadığından yığılan yaş tütün yarpağı fermerlər tərəfindən min bir əziyyətlə qurudulur, preslənir və uzaq bölgələrdəki qəbul məntəqələrinə təhvil verilirdi. Nəticədə tütünçülüyün iqtisadi səmərəsi azalır, bu işə fermerlərin marağı olmurdu.

2020-ci ildə rayonda Yaponiya investorlarının dəstəyi ilə “Tovuz Aqro Sənaye” MMC tərəfindən tütün qurutma məntəqəsinin inşası işlərinə başlanılmış və 22 ədəd tütünqurutma kameraları quraşdırılmışdır. Müəssisənin istehsal gücü həftədə 132 tondur.  Məntəqənin fəaliyyətə başlaması bölgədə tütünçülüyün inkişafına samballı töhfədir. Burada 35 daimi, 100-150 mövsümi  iş yeri açılmışdır.

Bundan yararlanan fermerlər keçən ilə nisbətən tütün plantasiyalarının sahələrini xeyli artırmışlar. Hesab edirəm ki, bu gün açılışına toplaşdığımız tütünqurutma məntəqəsi yaxın gələcəkdə bölgədə istehsal gücünü daha da artıracaq, tütünçü fermerlərin maraqlarına xidmət edəcək və Tovuz rayonunun iqtisadi gücünü möhkəmləndirəcəkdir.

Çıxışının sonunda Məmməd Məmmədov “TET İnternational Development” şirkətinin direktoru Taro Savadaya Azərbaycanın qədim musiqi aləti olan saz hədiyyə edib.

Sonra Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Emin Eyvazov, “TET İnternational Development” şirkətinin direktoru Taro Savada çıxış edərək müəssisənin fəaliyyətinin iqtisadi səmərəsi və perspektivlərindən danışaraq kollektivə uğurlar arzulayıblar. 

Çıxışlardan sonra tütünqurutma məntəqəsinin açılışını bildirən rəmzi lent kəsilmiş və məntəqə işə salınmışdır.

Sonda tədbir iştirakçıları tütünqurutma məntəqəsinin işi ilə tanış olublar.

Keçidlər