Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün şəhid Fərzalıyev Samiq Misir oğlunun doğum günüdür

08 iyul 2021 | 16:00

Tovuz rayon İcra Hakimiyyəti başçısı aparatının və rayon təhsil şöbəsinin məsul əməkdaşları şəhid Fərzalıyev Samiq Misir oğlunun doğum günündə məzarını ziyarət etmiş və məzarı önünə gül dəstələri qoymuşlar.

Fərzalıyev Samiq Misir oğlu 8 iyul 1992-ci ildə Tovuz rayonunun Güvəndik kəndində anadan olub. 1998-2008-ci illərdə Güvəndik və Papaqçılar kənd tam orta məktəblərində, 2008-2012-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alıb. 2013-2014-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə könüllü müraciət edib və ordu sıralarında xidmət göstərmək arzusunu bildirib. O, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə kursa göndərilib və “leytenant” hərbi rütbəsi alaraq “N” saylı hərbi hissədə xidmətə başlayıb.

Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Samiq Fərzalıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Samiq Fərzalıyev oktyabrın 7-də Füzuli döyüşləri zamanı iki əsgərinin nəşini döyüş bölgəsindən çıxarmaq istəyərkən snayper gülləsinə tuş gələrək şəhid olub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları baş leytenant Fərzalıyev Samiq Misir oğlu "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə"  medalları ilə təltif edilib.

Allah Şəhidlərimizə rəhmət eləsin.

Keçidlər