Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda su ehtiyatlarından səmərəli istifadə olunması nəzarətdə saxlanılır

08 iyul 2021 | 16:00

Mövcud su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədilə RİH başçısı yanında yaradılmış Operativ qərargahın iclası keçirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov iclası giriş sözü ilə açaraq qeyd edib ki, son vaxtlar havaların həddindən artıq quraqlıq keçməsi səbəbindən rayon ərazisindəki çaylarda və yeraltı mənbələrdə suyun həcminin kəskin azalması müşahidə edilir. Əkin sahələrinin suvarılmasında çətinliklər vardır. Ona görə də mövcud su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədilə RİH başçısının sədrliyi ilə Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin yerli qurumlarının rəhbərlərinin, inzibati ərazi dairələri üzrə nümayəndələrin və bələdiyyə sədrlərinin daxil edildiyi Operativ Qərargah yaradılmışdır.

Operativ Qərargah hər bir ərazi vahidi üzrə müəyyən edilmiş suvarma qrafikinə riayət olunması ilə bağlı mütəmadi monitorinqlər keçirməli, suvarma suyunun əkin sahələrinə ədalətli, ərazilərin ölçülərinə görə proporsional bölgü və növbəlilik prinsipləri əsasında verilməsi məsələsini gündəlik nəzarətdə saxlamalıdır. Eyni zamanda Operativ Qərargaha su istifadəçilərindən daxil olan şikayətlərə operativ qaydada baxmalı, su israfçılığına, habelə qrafikin pozulmasına yol verən şəxslər barədə qanunvericiliklə müəyyən edilən tədbirlər həyata keçirməlidir.

İclasda Qərərgah üzvləri - rayon suvarma sistemləri idarəsinin rəisi Nəsrəddin Aslanov mövcud su ehtiyatlarından istifadə vəziyyəti, subartezian quyularının istismarı üzrə sahə rəisi Telman Orucov subartezian quyularının istismarı ilə bağlı, Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Emin Eyvazov rayonun təsərrüfatlarında suvarılması davam edən əkin sahələri barədə məlumat vermişlər. RİH başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Niftalı Qasımov çıxış edərək mövcud su ehtiyatlarından istifadə vəziyyətini təhlil etmişdir.

Operativ Qərargahın iclası dialoq və qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib.

İclası yekunlaşdıran RİH başçısı Məmməd Məmmədov Operativ Qərargahın işinin təşkili ilə bağlı müvafiq tapşırıqlar verib.

Keçidlər