Tovuz Rayon İcra Hakimiyyətində cari ilin doqquz ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş şura iclası keçirilib
Tovuz Rayon İcra Hakimiyyətində keçirilən toplantıda bu ilin doqquz ayında rayonda sosial-iqtisadi inkişafın yekunları və Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr müzakirə edilib.
Yığıncaqda rayon icra hakimiyyətinin başçısı cənab Tofiq Zeynalov hesabat məruzəsi ilə çıxış edib. Məruzədə qeyd olunub ki, Azərbaycan iqtisadiyyatında baş verən keyfiyyət dəyişiklikləri Tovuz rayonunun timsalında da özünü təcəssüm etdirir. Rayonda qeyri-neft sektorunun aparıcı sahəsi kimi kənd təsərrüfatının inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Ötən dövrdə rayonda aqrar bölmənin inkişafı sahəsində xeyli iş görülüb. Kənd təsərrüfatının ümumi məhsulu 7,8 faiz artıb, faktiki qiymətlərlə 156 milyon 332 min manatlıq məhsul istehsal edilib. 2015-ci illə müqayisədə payızlıq və yazlıq dənlilər 1553 ton, kartof 13705 ton, tərəvəz 1500 ton, bostan 2255 ton, meyvə 340 ton, üzüm 90 ton çox istehsal olunub.
Bildirilib ki, istehsal olunan kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxarılması istiqamətində lazımi işlər aparılır. İndiyədək 3 min tondan çox yerkökü, 1535 ton pomidor və xiyar, 1000 ton meyvə və giləmeyvə xarici ölkələrə ixrac olunub. Rayonda taxılçılığın inkişaf etdirilməsi xüsusi əhəmiyyətli məsələ kimi həmişə diqqət mərkəzində saxlanılır. Bu il payızlıq dənlilərin əkin sahələri 10329 hektar təşkil edib və hər hektardan 31,9 sentner məhsul götürülüb. Əvvəlki illə müqayisədə 1553 ton çox məhsul əldə edilib. Hazırda Ceyrançöl qışlaqlarının ərazisində 12 min hektar sahədə yeni taxılçılıq təsərrüfatı yaradılıb ki, bu da ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verəcək.
Diqqətə çatdırılıb ki, cari ildə Tovuz rayonu üçün ənənəvi olan barama istehsalına da başlanılıb və ilk mövsümdə 1560 kiloqram barama istehsal edilib. Baramaçılığın daha geniş yayılması üçün yem bazası yaradılması ilə əlaqədar tədbirlər görülməkdədir. Bundan əlavə, 20 hektar sahədə tütün əkilib. İndiyədək 1270 kiloqram quru tütün istehsal olunub və məhsul yığımı davam edir.
Məruzədə bildirilib ki, Tovuz rayonu üçün üzümçülük xüsusi önəm kəsb edən sahədir. Hazırda rayon ərazisində 664 hektar üzüm bağı var. Üzüm sahələrini genişləndirərək gələn il 1000 hektara, 2018-ci ildə isə 3000 hektara çatdırılması planlaşdırılıb. Hazırda yerli sahibkarlar tərəfindən 200 mindən çox üzüm tingi yetişdirilib. Onlar bu il sahələrə köçürüləcək. Rayonda xarici bazarlara məhsul çıxarılması istiqamətində ilkin addımlar da atılır. 2016-cı ildə “Naiqin-Ko” Baltiya MMC tərəfindən xarici bazara 300 dekalitir konyak, 700 dekalitir isə şərab çıxarılıb.
Hesabat dövründə rayonun torpaqlarının su təminatının yaxşılaşdırılması üçün meliorasiya-irriqasiya işlərinin həyata keçirilməsi sahəsində mühüm tədbirlər görülüb. Tovuzçay su anbarının tikintisi başa çatdırılıb ki, bununla da 20 min hektar ərazinin su təminatı yaxşılaşdırılacaq və 300 hektar yeni sahənin suvarılması mümkün olacaq. Hazırda Tovuzçay su anbarı vasitəsilə Ağdağ ərazisinin fasiləsiz suvarma suyu ilə təmin olunması istiqamətində işlər aparılır.
Çıxışlarda yol-nəqliyyat sahəsində görülən işlərdən də söz açılıb. Bildirilib ki, Azərbaycan Prezidentinin 2016-cı il 19 fevral tarixli Sərəncamı ilə Qovlar-Əyyublu-Alakol-İbrahimhacılı-Yanıqlı-Ağacqala-Qoçdərə-Çobansığnaq-Yoğunbulaq-Sarıtala avtomobil yolunun Qovlar-Əyyublu-Alakol istiqamətində 15 kilometrlik hissəsinin tikintisi başa çatdırılıb.
Hesabat yığıncağında rayonun təhsil, səhiyyə, mədəniyyət və digər sahələrində görülən işlər də geniş təhlil olunub.