Tovuzda taxıl biçininə başlanıb
Respublikamızda ərzaq təhlükəsizliyinin yaradılmasında taxılçılığın inkişafı prioritet istiqamətlərdəndir. Bunun üçün iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edən Tovuzda bu sahənin inkişafına böyük diqqət yetirilir. Tovuz rayonu ərazisində 14 min hektar sahədə payızlıq və yazlıq taxıl əkilmişdir. Bunun 12428 hektarı buğda, 1564 hektarı arpa, 8 hektarı isə vələmir bitkisidir.
Hazırda rayonda arpa biçini başa çatmaq üzrədir, taxıl biçininə başlanılıb. Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov taxıl zəmilərində olaraq biçinin gedişi ilə maraqlanmışdır. Zəmilərin vəziyyəti, biçilmiş ilk hektardan əldə olunan nəticə onu göstərir ki, bu il rayonda bol məhsul yetişdirilmişdir.
Fermerlərlə görüşən icra başçısı taxılçılığın strateji əhəmiyyətindən danışmış, onları maraqlandıran məsələlərə aydınlıq gətirmiş, yetişdirilmiş məhsulun tez və itkisiz toplanması, yanğın təhlükəsizliyinə ciddi əməl edilməsi barədə müvafiq tövsiyələr vermişdir. Həmçinin aidiyyatı qurumlara taxıl biçininin təşkilində fermerlərin dəstəklənməsi və lazımi kömək göstərilməsi tapşırılmışdır.