Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonundakı “N” saylı hərbi hissədə 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib

26 iyun 2021 | 16:00

26 iyun-Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Tovuz rayonundakı “N” saylı hərbi hissədə tədbir keçirilib. Tədbir iştirakçıları Tovuz şəhərindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib və önünə tər gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər. 

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Tovuz rayonu ərazisindəki “N” saylı hərbi hissədə 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə keçirilən tədbirdə iştirak edərək hərbi hissənin əsgər və zabitlərini təbrik edib.

Hərbi hissənin şəxsi heyyəti qarşısında çıxış edən Məmməd Məmmədov qeyd edib ki, bu gün şanlı Azərbaycan Ordusunun 103 yaşı tamam olur. Xalqımız sonsuz iftixar və fəxarət hissləri ilə qalib Ordunun bayramını qeyd edir.

Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanı ilə hər ilin  26 iyun tarixi Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü elan edilmişdir və dövlət bayramı kimi qeyd olunur.

Bu il xalqımız 26 iyun Azərbaycan Silahlı Qüvvələri Gününü Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusunun yaratdığı yeni reallıqlar şəraitində qarşılayır. Böyük tarixi şəxsiyyət Heydər Əliyevin  Azərbaycana rəhbərliyi dövründə Azərbaycan Ordusu nizami ordu kimi formalaşmağa başladı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ordu quruculuğunu dinamik inkişaf etdirdi. İndi Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır.

Bunu keçən il sentyabr ayının 27-dən başlayan 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Böyük Qələbə bütün dünyaya nümayiş etdirdi. Azərbaycanın Zəfər tarixi yazıldı, torpaqlarımız işğaldan azad edildi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Xalqımızın  mübarizliyi və yeniməzliyi bir daha təsdiq olundu. Bütün dünya yumruq kimi Xalq - Ordu birliyinin şahidi oldu və bu birlik Böyük Qələbənin əldə olunmasında mühüm rol oynadı. Bu birliyin ilk təzahürlərini iyun ayının 12-dən başlayan düşmənin dövlət sərhəddinin Tovuz rayonu istiqamətində təxribatının qarşısının alınması zamanı gördük. Azərbaycan əsgərinin döyüş ruhu, peşəkarlığı və şücaəti bütün dünyanı heyrətləndirdi və düşməni yerlə-yeksan etdi. Bütün bunlara görə Silahlı Qüvvələrin Ali Baş Komandanı, müzəffər Sərkərdə cənab İlham Əliyevi və qüdrətli Azərbaycan ordusunu alqışlayırıq.

İnanırıq ki, silahlı qüvvələrimiz Vətən qarşısında borcunu bundan sonra da şərəflə yerinə yetirəcək, hər an Vətənin müdafiəsinə, Ali Baş Komandanın hər bir əmrinə hazır olacaqdır.

Bu bayram günündə şəhidlərimizin xatirəsini ehtiramla yad edir, Vətən uğrunda sağlamlıqlarını itirən döyüşçülərimizə şəfa diləyirəm.

Məmməd Məmmədov rayon ictimaiyyəti adından hərbi hissənin şəxsi heyyətini bir daha 26 iyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə ürəkdən təbrik edib, onlara möhkəm cansağlığı, ailə xoşbəxtliyi və çox şərəfli xidmətlərində uğurlar arzulayıb.

Sonra möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sərəncamı ilə təltif olunan “N” saylı hərbi hissənin hərbi qulluqçularına medallar təqdim olunub. Eyni zamanda xidmətdə fərqlənən hərbi qulluqçuların bir qrupu Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edilib və onlara qiymətli hədiyyələr verilib.

Keçidlər