Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz RİH başçısı yanında yaradılmış xüsusi Qərargahın onlayn iclası keçirilib

25 iyun 2021 | 01:00

Yanğın təhlükəsizliyi ilə bağlı RİH başçısı yanında yaradılmış xüsusi Qərargahın iclası keçirilib.

İclasda yanğın təhlükəsizliyi ilə bağlı RİH başçısı yanında yaradılmış xüsusi Qərargahın üzvləri, onlayn qaydada idarə və müəssə rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.

İclası Tovuz rayon İcra Hakimiyyəti başçısı, Qərargahın sədri Məmməd Məmmədov açaraq qeyd etmişdir ki, hazırda rayon ərazisində taxıl biçini mövsümü başlanıb. Biçin mövsümü ərzində, xüsusilə havaların quraqlıq keçdiyi bir şəraitdə yanğın təhlükəsizliyi tədbirlərinin həyata keçirilməsi çox zəruridir. Bütün ərazilərdə biçinin müvafiq texniki normalara uyğun aparılması və yanğın təhlükəsizliyi ilə bağlı qabaqlayıcı tədbirlər görülməli, bu məsələlərlə bağlı torpaq mülkiyyətçiləri maarifləndirilməli və biçini aparan texniki heyyət ehtiyatlı davranmalıdır.

Nəzərə alınmalıdır ki, cari mövsümdə Tovuz rayonu ərazisində 14 min hektar sahədə payızlıq və yazlıq taxıl əkilmişdir. Bunun 12428 hektarı buğda, 1564 hektarı arpa, 8 hektarı isə vələmir bitkisidir.

Əhali sektoru üzrə cəmi 5140 hektar sahədə taxıl səpilmişdir ki, bununda 4417 hektarı buğda, 723 hektarı arpadır. İndiyədək əhali sektoru üzrə 469 ha, bütövlükdə isə 1236 ha sahədə biçin işləri aparılmışdır. Taxıl zəmilərində biçin davam edir. Bu günə taxıl biçininə 10 ədəd kombayn cəlb olunmuşdur və yaxın günlərdə kombayınların sayının artacağı gözlənilir.

Əlaqədar qurumlar taxıl zəmilərinin, o cümlədən həmin sahələrin yüksək gərginlikli hava ötürücü elektrik xəttlərinin mühafizə zonalarında yerləşən hissələrinin dərhal şumlanmasını təşkil etməlidirlər. Belə ki, Qovlar şəhəri, Düz Qırıqlı, Alakol, Aran, Dönük Qırıqlı, Qəribli, Dondar Quşçu, Əlimərdanlı, Abulbəyli, Bozalqanlı, Aşağı Mülkülü, Düz Cırdaxan, Aşağı Öysüzlü, Yuxarı Öysüzlü və İbrahimhacılı kəndlərində yüksək gərginlikli hava ötürücü elektrik xəttlərinin altında taxıl sahələri mövcuddur. Adları qeyd edilən kəndlərin icra nümayəndələri bu məsələlərə ciddi diqqət yetirməli, vəziyyəti nəzarətdə saxlamalıdırlar. 

Eyni zamanda qeyd etməliyik ki, bu il yazın yağıntılı olması ilə bağlı örüşlər və otlaq sahələrində, meşə ətrafı ərazilərdə çoxlu qurumuş otlar və kol-kos vardır. Burada baş verə biləcək hər hansı yanğının meşəliklərə keçməsi və ətraf mühitə zərər yetirməsi ehtimalı çoxdur. Həmçinin həm yerli əhali, həm də kənardan gələn turistlər meşə ərazilərində istirahət edərkən ehtiyatlı davranmalı, təhlükəsizlik qaydalarına riayət etməlidirlər. Bu məsələlərlə bağlı Regional meşə təsərrüfatı mərkəzinin əməkdaşları və ərazi icra nümayəndələri, sahibkarlar məsuliyyətli olmalı, təhlükəszilik qaydalarına ciddi riayət olunmasına nail olmalıdırlar.

Yerlərdə məişət və sənaye tullantılarının ərazilərə atılmaması barədə əhali arasında geniş izahat işləri aparılmalıdır. Mənzil kommunal təsərrüfatı istehsalat birliyi, inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyələr ərazilərdəki zibil poliqonlarını nəzarətdə saxlamalı, tullantıların yandırılmasının qarşısı alınmalıdır.

Təhlükəsizlik tələblərini pozan şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş tədbirlərin və digər zəruri təxirəsalınmaz işlərin görülməsi təmin olunmalıdır.

“Aqrolizinq” ASC-nin Tovuz rayon filialının rəhbərliyi taxıl biçini aparılan ərazilərdə təhlükəsizlik tədbirlərini diqqətdə saxlamalı, kombayınlar saz vəziyyətdə işə buraxılmalıdır.

Yanğın təhlükəsizliyi xidməti mütəmadi olaraq yerlərdə biçinin gedişi vəziyyətinə baxış keçirməli, yanğın təhlükəsizliyi qaydaları haqqında fermerlərə lazımi metodiki tövsiyələr verməlidir.

Rayon elektrik şəbəkəsinin rəhbərliyi ərazidən keçən yüksək gərginlikli elektrik verilişi xəttlərini tam nəzarətə götürməlidir. Yüksək gərginlikli xəttlər keçən ərazilərə konkret məsul şəxslər ayırmalı və növbətçilik təşkil etməlidir.

“Tovuz Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi  mövsümlə bağlı bədbəxt hadisələrə qarşı tibb müəssiələrini yüksək hazırlıq vəziyyətinə gətirməlidir.

Bunlarla əlaqədar rayon icra hakimiyyətində “Qaynar xətt” əlaqə mərkəzi yaradılmışdır və mövsümün sonunadək fəaliyyət göstərəcəkdir.

Daha sonra icra başçısı qeyd edib ki, havaların həddindən artıq quraqlıq keçməsi ilə əlaqədar təbii mənbələrdə su qıtlığı müşahidə olunur. Hazırda Tovuzçay su anbarında 6 milyon kub metr, Ağdam su anbarında 1,2 milyon kub metr su ehtiyatı vardır. Bu ehtiyatlar yerli ehtiyacları ödəmək üçün yetərli deyildir. Ona görə də mövcud su ehtiyatlarından səmərəli istifadə olunması ciddi zərurət kimi gündəmə gəlir. Nəzərə alınsa ki, artıq bir çox əkin sahələri son suvarma mərhələsindədir, suya qənaət etməklə, suyun bölgüsünü ədalətlə aparmaqla, gecə suvarmaları təşkil etməklə vəziyyətdən çıxmaq mümkündür.

Eyni zamanda əhalinin içməli suya olan tələbatının ödənilməsi məsələsi diqqətdə saxlanılmalıdır. Mənbələrdə suyun azalması bu sahədə də ciddi problemlər yaradır. Su kəmərlərinin başlanğıcında süzgənclər nəzarətə götürülməli və mövcud potensialdan səmərəli istifadə olunmalıdır. İçməli suya özbaşına müdaxilələrin qarşısı qətiyyətlə alınmalıdır.

Tədbirdə Qərargah üzvləri - rayon Polis Şöbəsinin rəisi Habil Əmiraslanov, Tovuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Nürəddin Əsədov, Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Emin Eyvazov çıxış ediblər.

Onlayın tədbir qarşılıqlı fikir mübadiləsi və dialoq şəkilində davam edib.

Keçidlər