Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonunun məktəblərində "Son zəng" çalındı

14 iyun 2021 | 16:00

Nazirlər Kabineti yanında Operativ Qərargahın razılığı nəzərə alınaraq Təhsil Nazirliyinin müvafiq tapşırığına əsasən, 2020-2021-ci tədris ilinin yekunu ilə əlaqədar bu gün respublikanın ümumtəhsil məktəblərində "Son zəng" günü qeyd edilir. Tovuz rayonunun da bütün tam orta məktəblərində “Son zəng”in sədası eşidildi.

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbin “Son zəng” tədbirində iştirak edib.

İlk öncə məzunlar Azərbaycanın Dövlət himnini səsləndiriblər. Sonra tədbir iştirakçıları Vətən uğrunda döyüşlərdə canlarından keçmiş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

Məktəbin direktoru Nüsrət Quliyev tədbiri açıq elan edərək təbrik üçün sözü rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədova verib.

M.Məmmədov Y.Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbin məzunlarını dərs ilinin yekunlaşması və “son zəng” münasibətilə təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb.

Qeyd olunub ki,  ölkəmizdə təhsilin inkişafı ilə bağlı geniş miqyaslı tədbirlər həyata keçirilir. Məktəblərin maddi-texniki bazası ildən-ilə möhkəmlənir, müasir texniki vasitələrlə və avadanlıqlarla təmin olunur. Bu istiqamətdə cənab Prezidentin rəhbərliyi ilə mükəmməl dövlət siyasəti həyata keçirilir. Həmçinin Heydər Əliyev Fondunun və fondun Prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə qayğısı çox yüksək səviyyədədir. 1200 şagird yerlik bu məktəb də Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş və cari tədris ilində istifadəyə verilmişdir.  İnanırıq ki, şagirdlərimiz hamısı təhsilə göstərilən dövlət qayğısına yüksək bilikləri, vətənpərvərliyi, layiqli vətəndaş olmaqları ilə cavab verəcəklər.

Bu ilki son zəng tədbiri xüsusi bir tarixi şəraitdə keçirilir. Hamınıza məlumdur ki, keçən il sentyabrın 27-dən başlayan Vətən müharibəsində torpaqlarımız işğaldan azad olundu, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu yeni Zəfər tarixi yazdı. Bu Böyük Qələbə son illərdə yetişmiş gənc nəslin yüksək vətənpərvərlik ruhunda böyüməsinin, onların Vətən sevgisinin sayəsində mümkün oldu. Təbii ki, gənclərimizin həyata hazırlanmasında müəllimlərin də böyük əməyi vardır.

Son illərdə bütün dünyanı bürümüş pandemiya səbəbindən təhsildə də müəyyən çətinliklər yaşandı. Buna baxmayaraq ölkəmizdə xüsusi karantin rejimi qaydalarına uyğun olaraq ümumtəhsil məktəblərində təhsil onlayın qaydada davam etdirildi. Artıq məzunların ilkin nəticələri məlumdur. Hesab edirəm ki, Bozalqanlı kənd tam orta məktəbinin şagirdləri bu məktəbin ənənələrinə uyğun olaraq yenə də yüksək nəticələrlə hamımızı sevindirəcəklər.

İcra başçısı həmçinin tədbir iştirakçılarını 15 iyun Milli Qurtuluş Günü bayramı münasibətilə təbrik edib.

Sonra məktəbin direktoru Nüsrət Quliyev, rayon təhsil şöbəsinin nümayəndəsi Məhəbbət Hüseynova, direktor müavini Rəşid Vəliyev, biologiya müəllimi Adilə Aslanova çıxış edərək məzunları “son zəng” münasibətilə təbrik etmiş onlara xoş arzularını bildirmişlər. Məzunlar Elçin Nəsibov,  Nemət Qasımov, Xəyalə Hüseynova söz alaraq onların təhsilinə göstərilən dövlət qayğısına, belə bir möhtəşəm məktəb binasının tikilib şagirdlərin ixtiyarına verilməsinə görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmiş, həyatın hansı sahəsindən asılı olmayaraq Azərbaycanın layiqli vətəndaşları olacaqlarına söz vermişlər.

Tədbirdən sonra Rayon İcra Hakimiyyətinin başçısı məktəbdə təlim və tərbiyə işlərinin təşkili ilə bağlı yaradılmış şəraitlə tanış olmuşdur. İcra başçısı məktəbin fənn kabnetlərinə, lobaratoriyalara, akt zalında, müəllimlər otağında olmuş, müəllimlərlə tədrisin bu günki vəziyyəti barədə ətraflı söhbət aparmışdır.

Y.Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbinin nailiyyətlərini xarakterizə edən sahələrdən biri də məktəbdə aparılan hərbi vətənpərvərlik tərbiyəsidir. Təkcə son üç ildə məktəbin məzunlarından 14 nəfəri hərbi məktəblərə daxil olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşllərdə Bozalqanlı kənd tam orta məkətibini bitirmiş 16 nəfər şəhidlik zirvəzinə yüksəlmişdir. Onların xatirəsi məktəb kollektivi tərəfindən həmişə uca tutulur və ehtiramla yad olunur. Məktəbin foyesində şəhidlərin xatirəsinə quraşdırılmış stendlər, onların haqqında əks olunan məlumatlar məktəbdə şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında xüsusi önəm daşıyır.

 

 

Keçidlər