Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı dünya çempionu Emin İsmayılovu qəbul edib

11 iyun 2021 | 16:00

Bu gün Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Gürcüstanda keçirilən WJF-X dünya çempionatında “MMA” döyüş növü üzrə  77 kq çəki dərəcəsində 1-ci yeri tutmuş İsmayılov Emin Rasim oğlu və onun məşqçisi Ziyad Ramazanovu qəbul etmişdir. Məmməd Məmmədov dünya çempionu, könüllü döyüşçü Emin İsmayılovu əldə etdiyi nəticələrə görə təbrik etmiş, ona ən xoş arzularını bildirmişdir.

Emin İsmayılov 25 fevral 1994-cü ildə Tovuz rayonunun Qovlar şəhərində anadan olub. O, 12 yaşından idmanla məşğuldur və 15 ildir ki, idman yarışlarında ölkəmizi təmsil edir və nailiyyətləri ilə pərəstişkarlarını sevindirir. Emin İsmayılov ilk dəfə “Jiu Jitsu” idman növü ilə, daha sonra “Boks”la məşğul olaraq hər iki idman növü üzrə Bakı çempionatında 1-ci yerə layiq görülmüşdür. Bu günlərdə isə Gürcüstanda keçirilən WJF-X dünya çempionatında “MMA” döyüş növü üzrə  77 kq çəki dərəcəsində birinci yeri tutmuş və idmanın bu növü üzrə dünya çempionu tituluna yiyələnmişdir.

Qeyd edək ki, idmançımız Vətən Müharibəsində könüllü olaraq ordu sıralarında xidmətə getmiş, Füzuli və Şuşa istiqamətində döyüşlərdə iştirak etmişdir. Ürəyi və qəlbi Vətən sevgisi ilə dolu olan Emin İsmayılov idman arenalarında olduğu kimi döyüş meydanında da cəsurluq nümunəsi göstərmişdir. Bütün mübarizələrdə qalib olmaq onun amalıdır.

İcra başçısı Məmməd Məmmədov ölkəmizdə cənab Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın idmana göstərdikləri qayğıdan danışmış, bu sahədə həyata keçirilən dövlət siyasətinin uğurlarını diqqətə çatdırmışdır.

Sonda Emin İsmayılova rayon icra hakimiyyətinin qiymətli hədiyyəsi təqdim edilmişdir. Emin İsmayılov və onun məşqçisi Ziyad Ramazanov səmimi qəbula görə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər