Tovuzda kənd təsərrüfatının inkişafı məsələlərinə həsr olunmuş toplantı keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatı məhsullarının inkişafına dair tapşırıqları, bununla bağlı Prezident Administrasiyasında keçirilmiş müşavirələrdə verilmiş tövsiyələrin yerində icra vəziyyətinin öyrənilməsi ilə əlaqədar Tovuz rayonunda kənd təsərrüfatının inkişafı ilə əlaqədar verilmiş tapşırıqların icra vəziyyətinin öyrənilməsi məqsədilə işçi qrupu Tovuz rayonunda olmuşdur.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Aqrar məsələlər şöbəsinin müdiri Azər Əmiraslanovun rəhbərlik etdiyi işçi qrupu əvvəlcə “Tovuz Baltiya” LTD şirkəti, Torpaqqala ərazisində kartof sahəsi, Düz Qırıqlı kəndindəki istixanalar, Aşağı Quşçu kəndində meyvə və üzüm bağları ilə tanışlıq, Tovuzçay su anbarına baxış keçirilib.
Tədbir Tovuz rayon mədəniyyət evində keçirilən toplantı ilə davam etdirildi. Fermerlərin, aqrar sahədə çalışan sahibkarların, mütəxəssislərin, təsərrüfat rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə icra hakimiyyətinin başçısı Tofiq Zeynalov Tovuzda kənd təsərrüfatı işlərinin gedişi barədə məlumat verib. Bildirib ki, Tovuz rayonunun ərazisi 1.94 min kv.km-dir. 01 iyun 2016-cı ilə rayonun əhalisi 170.8 min nəfərə çatmışdır. Hazırda rayonda əhalinin sıxlığı hər kvadrat kilometrə 88 nəfər təşkil edir.
Tovuz rayonunda kənd təsərrüfatına yararlı torpaq sahəsi 106342 hektardır. Bundan əkinə yararlı torpaq sahəsi 19689 hektar, həyətyanı torpaq sahəsi 7129 hektardır. 26818 hektar əkinəyararlı torpaq sahəsinin 23198 hektarı suvarılandır.
Rayonda yaradılmış əlverişli mühit, yeni iqtisadi şəraitə uyğun nəzərdə tutulan tədbirlər, iri kənd təsərrüfatı məhsulları istehsal edən təsərrüfatların yaranmasına səbəb olmuşdur. Bu təsərüfatlarda taxıl, üzüm, kartof, yer kökü, şəkər çuğunduru, bostan bitkiləri və digər kənd təsərrüfatı məhsulları yetişdirilir.
Cari ilin birinci 5 ayında kənd təsərrüfatı sahəsində məhsul buraxılışı 2.7 faiz armışdır. 2016-cı ilin 01 iyun tarixinə yazlıq bitkilərin səpini 11846 hektar olmuş, ötən ilin müvafiq dövrünə nisbətən 800 hektar, yəni 7.2 faiz artmışdır. O cümlədən 1215 hektar qarğıdalı keçən ilin müvafiq dövrünə nisbətən 4.7 faiz, 94 hektar günəbaxan 94 dəfə, 8175 hektar kartof 10.3 faiz, 1565 hektar tərəvəz 0.5 faiz, 120 hektar bostan bitkiləri 3.3 dəfə artmışdır.
Artıq bəzi məhsulların yığımına başlanmışdır. 2016-cı ilin 01 iyun tarixinə Tovuz rayonunda 335 ton kartof, 4851 ton tərəvəz, 1740 ton meyvə və giləmeyvə məhsulları yığılmışdır.
Bu məhsullardan 3000 tondan çox yemək üçün yerkökü, 1000 tonlarla istixanalarda yetişdirilən pomidor və xiyar, 1000 tonlarla meyvə və giləmeyvə xarici ölkələrin bazarlarına ixrac olunmuşdur. Bu məhsulların istehsal və ixrac olunmasında 500 nəfərdən çox mövsümi işçilər çalışmışdır.
Tovuz rayonu üçün ənənəvi olan barama və tütün istehsalına başlanmışdır. Artıq baramaçılığın daha geniş yayılması üçün yem bazası yaradılması ilə əlaqədar tədbirlər həyata keçirilir. İlkin nəticələr onu deməyə əsas verir ki, gələn ildən etibarən baramaçılıq və tütünçülük daha da genişləndiriləcəkdir.
Heyvandarlıqda həyata keçirilən islahatlar nəticəsində mal-qaranın baş sayının və məhsul istehsalının sabit templə artımına nail olunmuşdur. Rayonda 46099 baş iri buynuzlu mal, 248270 baş qoyun-keçi, 5084 arı ailəsi vardır. Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədi ilə müntəzəm tədbirlər həyata keçirilir.
Növbəti mərhələdə qeyri-neft sektorunun inkişafı ilə əlaqədar silsilə tədbirlər həyata keçiriləcəkdir.
Kənd təsərrüfatında yeni istehsal sahələrinin yaradılması və emal müəssisələrinin açılması məqsədilə 500 başlıq heyvandarlıq kompleksinin yaradılması üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət olunmuş və hazırda torpaq sahələrinin yer quruluşu sənədləri tərtib olunaraq layihələndirmə işləri aparılır. Kompleksdə 100 nəfərin daimi iş yeri ilə təmin olunması nəzərdə tutulur.
Ərazidə üzümçülüyün inkişaf etdirilməsi və üzüm emalı müəssisələrinin yaradılması strateji hədəfimizdir. Hazırda rayon ərazisində mövcud olan 700 hektar üzüm sahəsini genişləndirərək cari ildə 1000 hektara, 2018-ci ildə isə 3000 hektara çatdırmağı planlaşdırırıq. Bu il yerli sahibkarlar tərəfindən bir milyonadək üzüm tingləri yetişdirilir. Üzümün təzə-tər şəkildə ixrac edilməsi və Rusiya bazarlarına çıxarılması istiqamətində iş adamları ilə danışıqlar aparılır. İlk növbədə tez yetişən üzüm məhsullarını ixrac etmək istəyirik. Bu məqsədlə artıq ilkin hazırlıq işlərinə başlanmışdır.
Ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə Ceyrançöl qış otlaqlarında 12 min hektar sahənin təyinatı dəyişdirilərək Dövlət ehtiyat fondu torpaqlarına aid edilmiş və burada iri taxılçılıq və yemçilik təsərrüfatı yaradılmışdır.
Rayonda sənaye parkının təşkili və orada plastik qablar istehsalı zavodunun yaradılması ilə bağlı hüquqi sənədlər hazırlanır. Sənaye parkı layihəsi çərçivəsində investorların cəlb olunması yolu ilə təbii seolit məhsullarının emalı müəssisəsinin yaradılmasını nəzərdə tuturuq. Eyni zamanda bərk məişət tullantıları mərkəzinin tikintisi ilə əlaqədar xarici investorlarla iş aparılır.
Bütövlükdə 01 iyun 2016-cı il vəziyyətinə Tovuz rayonunda 738 yeni iş yeri açılmış, bundan 508-i daimi, 230-u müvəqqəti işlərdir.
Sonra işçi qrupun rəhbəri Azər Əmiraslanov ölkədə uğurla həyata keçirilən aqrar islahatlar, kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafı istiqamətində görülən işlər, aqrar sektorun perspektivləri barədə geniş məruzə edib. Diqqətə çatdırılıb ki, rayonlarda keçirilən bu cür görüşlərdən məqsəd aqrar sahədə potensialı və imkanları öyrənmək, eyni zamanda, mövcud problemlərlə bağlı fermerlərlə açıq fikir mübadiləsi aparmaqdır. Dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə aparılan islahatlardan, qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafı istiqamətində görülən tədbirlərdən danışan Azər Əmiraslanov qeyd edib ki, Prezident İlham Əliyevin aqrar sektorun inkişafı, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi ilə bağlı tapşırıqlarından irəli gələrək, yeni iqtisadi mərhələdə kənd təsərrüfatı məhsulları istehsalının artırılması, xüsusilə ixractutumlu sahələrin inkişafı mühüm əhəmiyyət kəsb edir. Bildirilib ki, ölkədə kənd təsərrüfatının inkişafı üçün ixtisaslaşma əsas amillərdən biridir. Torpaqlardan səmərəli istifadə, müasir texnologiyaların tətbiqi, bazarlara çıxış, ixracyönümlü məhsulların istehsalına diqqəti artırmaq qeyri-neft sektorunun inkişafına, əhalinin məşğulluq probleminin həllinə gətirib çıxaracaq.
Azər Əmiraslanov qeyd edib ki, ölkədə pambıqçılıq, baramaçılıq və tütünçülüyün inkişafı üçün məqsədyönlü tədbirlər görülür. Belə ki, tütünün qiyməti 18 qəpikdən 20 qəpiyə, baramanın kiloqramı 3 manatdan 8 manata, pambığın kiloqramının alış qiyməti isə 41 qəpikdən 50 qəpiyə qaldırılıb. Taxıl, tütün və barama istehsalçılarına subsidiyaların verilməsi həyata keçirilir. Yaxın zamanlarda baramaçılıqla məşğul olan sahibkarlara da subsidiyaların verilməsi gündəmdədir.
Tovuzda üzümçülüyün perspektivlərindən danışan işçi qrupun rəhbəri deyib: “Vaxtilə rayonda 10 min hektardan çox üzüm bağı vardı. 100 min tondan artıq məhsul istehsal olunurdu. Hətta məhsuldarlıq 138 sentnerə qədər yüksəlmişdi. Bu baxımdan rayonda üzümçülüyün inkişafı üçün şərait və təcrübə var. Hazırda 700 hektar üzüm bağı mövcuddur. 2017-ci ilədək Tovuzda üzüm bağlarının 2 min hektara çatdırılması planlaşdırılır”.
Diskussiya şəraitində davam edən müşavirənin sonunda fermer və sahibkarları maraqlandıran məsələlərə aydınlıq gətirilib, onların təklifləri dinlənilib. Sahibkarlar tərəfindən rayonda sənaye məhəlləsinin, toxumçuluq təsərrüfatının yaradılması, üzümün xarici bazarlara çıxarılmasının dövlət tərəfindən dəstəklənməsi, məhsuldar üzüm sortlarının rayonlaşdırılmasına dövlət dəstəyi göstərilməsi, Tovuzçay su anbarının layihə gücünə çatdırılması və bu dəryaça ilə Azaflı və Bayramlı kəndlərinə suvarma suyunun verilməsi, kənd təsərrüfatı məhsullarının təbii fəlakətlərdən sığortalanması qaydalarına baxılması və sair təkliflər səsləndirilib.