Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz kümçüləri bu il bol məhsul əldə edəcəklərinə əmindirlər

25 may 2021 | 16:00

Dövlətin baramaçılığın inkişafına verdiyi dəstəkdən yararlanan rayonlardan biri də Tovuzdur. Rayonda son illər bu gəlirli sahəyə maraq xeyli artıb. Cəmi 30-40 gün çəkilən əziyyətin bəhrəsini görən sakinlər ildən-ilə daha çox barama istehsal etməyə həvəs göstərirlər.

Hazırda ölkənin hər yerində olduğu kimi, Tovuzda da kümçülər gərgin iş rejimi ilə işləyirlər. Götürülmüş barama qurdlarının bəslənməsi və yemlə təmin olunması prosesi gedir. Xüsusilə qapalı şəraitdə saxlanılan barama qurdlarının yem təchizatının vaxtında ödənilməsi diqqət mərkəzində saxlanılır.

Öyrəndik ki, cari ildə rayon kümçüləri, ümumilikdə, 200 qutu barama qurdunun toxumunu götürmüşlər. Onlar keçən ildən fərqli olaraq bu il daha çox məhsul - 8 ton barama istehsal etməyi qarşılarına məqsəd qoymuşlar. Bunun üçün 62 kümçü ilə müqavilə bağlanmışdır. Barama qurdlarının yemlənməsi üçün yem ehtiyatı da istənilən qədərdir. Rayonun müxtəlif ərazilərində 31,8 min tut tingi əkilmişdir ki, onun da 20,5 mini Çin Xalq Respublikasından gətirilmişdir. 11,3 mini isə yerli tut ağaclarıdır. 2016-cı ildə əkilən ağaclar artıq bara düşmüşdür.

Alakol kəndində yaşayan Valeh və Taleh Sadıqov qardaşları artıq 5 ilə yaxındır ki, baramaçılıqla məşğuldurlar. Bu il keçən ilkindən daha çox, yəni hər biri 5 qutu barama toxumu götürən kümçülər demək olar ki, baramaçılığın sirlərini dərindən mənimsəmişlər. Dedilər ki, keçən il baramaqurdunda yaranan xəstəlik məhsuldarlığa mənfi təsir göstərdi: “Nəticədə məhsuldarlıq aşağı oldu. Odur ki, bu il keçən ilki ziyanın əvəzini çıxmaq üçün xeyli çox barama toxumu götürdük. 400 kiloqram məhsul almaq üçün bütün qüvvələri səfərbər etmişik. Bu işdə ailə üzvlərimiz də yaxından iştirak edirlər”.

Qovlar şəhər sakinləri Allahverdi Zeynalov 6, Elman Allahverdiyev isə 4 qutu barama toxumu götürüb. Onların da ailə üzvləri gecə-gündüz baramaya nəzarət edir, yemlənməsini vaxtında aparırlar.

Ümumiyyətlə, rayonun bütün kəndlərində baramaçılığa maraq artıb. Məsələn, Aşağı Quşçu kəndinin sakinləri Ramin Verdiyev, Samirə Eyyubova, Qaratel Səmədova və Sona Qələndərova hər biri 3 qutu barama-qurdu götürmüşlər. Cəlilli kəndindən Şamxal Həsənzadə isə bu il 4 qutu baramaqurdu bəsləyir. Qarşısına məqsəd qoymuşdur ki, 160 kiloqram barama təhvil versin. Bu işdə ona kənd sakinləri Murad Aslanov, Kəmaləddin Məmmədov, Səfxan İsmayılov, Rövşən Nağıyev və başqaları yaxından kömək göstərirlər. Cəlilli kəndinin digər sakinləri Ramin Qələndərov da az baramaqurdu toxumu götürməmişdir - 6 qutu. Həmkəndliləri Cabir İsmayılov, Ramin Quliyev, Elçin Quliyev, Nurlan Cəfərov və Elçin Rüstəmzadə ilə birlikdə bu il 240 kiloqram barama təhvil verəcəyinə əmindir.

Düz Cırdaxan kəndinin sakini Akif Mehdiyev bu işlə 5 ildir ki, məşğul olur. Artıq baramaçılıqda zəngin təcrübə toplayıb. Bu işdə həyat yoldaşı Nəsibə Qəhrəmanova, eləcə də kənd sakinləri Niyaməddin Dəmirov, Samir Axundov və Günay Musayeva ona dəstək olurlar. Deyir ki, yem sarıdan elə bir problem yoxdur. Buna baxmayaraq, gələcəkdə barama istehsalını artırmaq üçün indidən güclü yem bazası yaradır. Bunun üçün o, həyətində 500 tut tingi yetişdirir. Payızda onu kəndin müxtəlif ərazilərində əkməyi planlaşdırır.

Ümumiyyətlə, Tovuzda baramaçılıq sürətlə inkişaf edir. Artıq rayonda bu sahədə çoxlu sayda təcrübəli kümçü yetişmişdir. Onlar bu gəlirli sahəni bundan sonra da inkişaf etdirmək üçün əllərindən gələni əsirgəmirlər.

https://bit.ly/3fGm1AR

Sabir ƏLİYEV,

“Azərbaycan”

Keçidlər