Şəhid Emin Mahmudovun yeni doğulmuş körpəsi xəstəxanadan evə buraxılıb
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması, işğal altında olan torpaqlarımızın azad olunması uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olan hərbi qulluqçularımızdan biri də Mahmudov Emin Pünhan oğludur.
Emin Mahmudov 01.06.1994-cü ildə Tovuz rayonunun Abulbəyli kəndində anadan olub. 2012-2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb.
Azərbaycan Ordusunun baş leytenantı olan Emin Mahmudov 2020-ci il sentyabrın 27-dən başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Emin Mahmudov oktyabr ayının 11-də Hadrut döyüşləri zamanı şəhid olub. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı ilə təltif edilib.
Bu gün Tovuz Rayon Mərkəzi Xəstəxanasında dünyaya göz açan şəhidin qız övladı Rayon İcra Hakimiyyəti və ictimaiyyət nümayəndələrinin müşayəti ilə xəstəxanadan evə yola salınıb.
Şəhidin həyat yoldaşını təbrik edən Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə Bayramova vətənimizin azadlığı və ərazi bütövlüyünün təmin olunmasında şücaət göstərən tovuzlu şəhidlərimizlə, o cümlədən bu gün övladı dünyaya göz açan Emin Mahmudovla qürur duyduğunu, şəhidlərimizin xatirəsinin həmişə uca tutulduğunu, şəhid ailələrinin, xüsusilə şəhidlərin övladlarının dövlət qayğısı ilə əhatə olunduğunu bildirib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqətə görə razılıqlarını ifadə ediblər.